Rusiya hökuməti hərbi xərclər hesabına artan büdcə kəsiri fonunda vergilərin artırılması imkanını müzakirə edir.
Herbiand.az xəbər verir ki, bu barədə cümə axşamı “The Bell” araşdırma nəşri məlumat yayıb. Nəşrin mənbələri bildiriblər ki, ən çox ehtimal olunan variant, sosial əhəmiyyətli mallar istisna olmaqla, əlavə dəyər vergisinin (ƏDV) 20-dən 22%-ə qaldırılmasıdır.
Hələlik yekun qərar yoxdur, lakin mənbələrin bildirdiyinə görə, vergilərin artırılmasına alternativlər nəzərdən keçirilmir, əks halda büdcədəki boşluğu bağlamaq mümkün olmayacaq.
Kremldə və hökumətdə “The Bell”ə əlaqələri olan mənbə bildirib ki, məsələni yaxın vaxtlarda həll etmək lazımdır: sentyabrın sonunda hökumət ənənəvi olaraq gələn ilin büdcə layihəsini Dövlət Dumasına təqdim edir:
“Vergilər mütləq qaldırılacaq. Artıq büdcə təsdiqlənməlidir”.