AZ

Azərbaycan-ABŞ enerji əməkdaşlığının prioritetləri gündəmdədir

Prezident İlham Əliyev və ABŞ-nin dövlət başçısı Donald Tramp arasında ötən ayın 8-də keçirilmiş Vaşinqton görüşü ikitərəfli və regional münasibətlərin, eləcə də enerji əməkdaşlığının yeni mərhələyə yüksəlməsini təmin edən strateji əhəmiyyət daşıyır. Bu xüsusda enerji sahəsində sərmayələrin və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi kimi əməkdaşlıq prioritetləri diqqət mərkəzindədir.

 Təsadüfi deyil ki, bu günlərdə ölkəmizin energetika naziri Pərviz Şahbazovla ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksəkvəzifəli rəsmisi Brendan Hanrahan arasında keçirilən görüşdə də məhz həmin məsələlərdən bəhs olunub. Eləcə də Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasından irəli gələn məsələlər nəzərdən keçirilib. Azərbaycanın strateji əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin reallaşmasında ABŞ-nin mühüm rolu vurğulanıb və ölkəmizin Avropaya enerji təchizatının davamlılığında Birləşmiş Ştatlarla əməkdaşlığın vacibliyi qeyd edilib.

Yaxın tarixə ötəri ekskurs edərək Azərbaycan-ABŞ enerji əməkdaşlığının bəzi məqamlarını xatırlayaq. Üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin marşrutunu müəyyən edən əsas sənədi 1999-cu ilin noyabrında İstanbulda Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın prezidentləri ilə birlikdə ABŞ-nin dövlət başçısı da imzalamışdı. Məlumdur ki, BTC-nin bədxahı çox idi və onlar layihənin müxtəlif mərhələlərində işləri pozmağa çalışırdılar. Mühüm bir mərhələdə - maliyyələşmə məsələləri həll edilərkən BTC-nin bədxahları yenidən baş qaldırdılar. Yəni onlar tikintinin təməli qoyulandan sonra da rahatlıq tapa bilmir, hər vasitə ilə layihəyə əngəl törətmək istəyirdilər. Bir sıra qeyri-hökumət təşkilatları tikintiyə mane olmaq üçün növbəti səbəblər uydururdular. Bu dəfə kəmərin Gürcüstanın "Borjomi" mineral su mənbəyinə ekoloji cəhətdən guya zərbə vuracağı fikrini ortaya atmışdılar. Bu da layihənin Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədlərinin imzalanmasını gecikdirirdi. Hətta müxtəlif qruplar kəmərin tikintisini maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısına toplaşaraq onun çəkilişinə etiraz edirdilər. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır" konfransında şəxsən iştirak etməyi qərara alması da təsadüfi deyildi. Tədbirin keçirildiyi günlərdə Ulu Öndər ABŞ-nin ovaxtkı prezidenti, vitse-prezidenti, ticarət və energetika nazirləri ilə görüşdü, Beynəlxalq Maliyyə Korporasiyasının rəhbəri ilə söhbət etdi. Beləliklə, BTC-nin bu çətinliyi də arxada qaldı.

Bu cür misallar çoxdur. Elə bu il avqustun 7-də SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və "ExxonMobil" şirkətinin "Əməkdaşlıq haqqında Memorandum" imzalanmaları da iki ölkə arasında enerji əməkdaşlığının inkişaf perspektivlərindən xəbər verir. Qeyd edək ki, ABŞ-nin dünyaşöhrətli "ExxonMobil" şirkəti ölkəmizdə xeyli vaxtdır yaxşı tanınır. Bu şirkət Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənməsi layihəsinin iştirakçısıdır. Başqa sözlə, "Əsrin müqaviləsi"nin irəliyə doğru addımladığı, nailiyyətlər əldə etdiyi illərdə Azərbaycanda olub.

 AÇG-də hazırkı iştirak paylarına diqqət yetirmək də yerinə düşər: BP (30,37 faiz, o həm də operatordur), SOCAR (31,65 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), "ExxonMobil" (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGC Videş (2,92 faiz). Göründüyü kimi, "ExxonMobil" bu gün də AÇG-nin səkkiz iştirakçısının biridir və layihədə sanballı, yəni 6,79 faizlik paya malikdir. "ExxonMobil" eləcə də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin səhmdarlarından biridir və burada 2,5 faizlik payla iştirak edir. 

Avqustun 7-də SOCAR-la "ExxonMobil" arasında yeni "Əməkdaşlıq haqqında Memorandum"unu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və "ExxonMobil" şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar. Sonra dövlətimizin başçısı İlham Əliyev ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun görüşü olub. Görüşdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərimizin gündəliyinin və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib. Prezidentimiz imzalanan yeni sənədin əhəmiyyətini qeyd edərək demişdir: "Burada xüsusi nümayəndə cənab Vitkovun, ABŞ enerji nazirinin müavininin və mənim iştirakımla keçirilən imzalanma mərasimi, əslində, göstərir ki, biz bu layihənin gələcəyinə inanırıq. İnanmasaydıq, Anlaşma Memorandumunun imzalanmasında iştirak etməzdik. Mən nadir hallarda Anlaşma Memorandumunun imzalanmasında iştirak edirəm. Bəzən müqavilələrin imzalanmasında iştirak edirəm, amma bu, sadəcə, bir Anlaşma Memorandumudur. Lakin bizim ixtiyarımızda çoxlu texniki amillər var ki, bunlar böyük bir karbohidrogen yatağının kəşfinə işarə edir".

Bu hadisə də göstərir ki, Azərbaycan-ABŞ iqtisadi əlaqələrində enerji əməkdaşlığı mühüm istiqamətlərindən biri olaraq qalacaq. Enerji dedikdə neftdir, qaz, potensial kimi bərpaolunan mənbələr nəzərdə tutulur.

Energetika Nazirliyinin bu yazının əvvəlində adıçəkilən məlumatında da bildirilir ki, ölkəmizin neft-qaz sektorunda uzunmüddətli tərəfdaşı "ExxonMobil" şirkəti ilə əməkdaşlığın quruda yeni layihələrlə genişləndirilməsi, həmçinin "SOCAR Trading" vasitəsilə ABŞ-yə mayeləşdirilmiş qaz (LNG), xam neft və neft məhsullarının ticarəti sahələrində əməkdaşlığın cari vəziyyəti və perspektivlər nəzərdən keçirilib. Karbohidrogen və bərpaolunan enerji sahələri, xüsusilə Azərbaycanla Türkiyə və Avropanı Naxçıvan, Ermənistan, Qara dəniz və Gürcüstan üzərindən əlaqələndirəcək, Xəzər dənizi vasitəsilə Azərbaycan-Mərkəzi Asiya enerji bağlantılarını təmin edəcək "yaşıl enerji" dəhlizləri layihələri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. ABŞ şirkətləri və investorları potensial layihələrdə iştiraka dəvət edilib.

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
22
azerbaijan-news.az

1Mənbələr