Latviyada aparılan tədqiqat qədim cəmiyyətlərdə sosial rollara dair təsəvvürləri dəyişir...
Poliqon xəbər verir ki, Latviyanın şimalında yerləşən və Baltik regionunun ən iri daş dövrü qəbiristanlığı sayılan Zveynieki nekropolunda aparılan yeni araşdırmalar qadın və uşaqların da dini-ritual ayinlərdə mühüm rol oynadığını ortaya çıxarıb. Tədqiqatın nəticələri PLOS One elmi jurnalında dərc olunub.
Alimlərin apardığı analizlər göstərir ki, bu qəbiristanlıqda tapılan çaxmaqdaşından hazırlanmış alətlər yalnız kişilərin deyil, həm də qadınların, uşaqların və yaşlıların məzarlarında geniş şəkildə aşkar edilib. Bu isə ənənəvi “kişi – ovçu, qadın – ocaq qoruyucusu” modelinə zidd fakt kimi qiymətləndirilir.
Zveynieki nekropolu təxminən beş min il ərzində – mezolitdən neolit dövrünə qədər istifadə olunub. Burada 330-dan çox dəfn yeri aşkar edilib. Əvvəllər daş alətlər əsasən utilitar əhəmiyyət daşıyan əşyalar kimi qəbul olunurdu və onların daha çox ovçu və döyüşçü kişilərin məzarlarında rast gəlindiyi düşünülürdü. Qadın məzarları isə əsasən digər məişət əşyaları ilə əlaqələndirilirdi.
Lakin York Universitetindən doktor Eymi Littl rəhbərliyində fəaliyyət göstərən Stone Dead layihəsinin alimləri bu alətlərin mikroskopik analizini apararaq onların bəzilərinin həyat zamanı istifadədə olduğunu, digərlərinin isə sırf dəfn mərasimi üçün düzəldildiyini və məzara qoyulmazdan əvvəl qəsdən sındırıldığını müəyyən ediblər. Bu isə onların ritual və simvolik xarakter daşıdığını sübut edir.
Ən diqqətçəkən məqam isə bu alətlərin paylanması ilə bağlıdır. Araşdırmalar göstərib ki, qadınların məzarlarında bəzən kişilərdən də çox çaxmaqdaşlı alətlər olub. Uşaq və qoca məzarlarında da bu cür tapıntılara rast gəlinib.
Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr daş dövrü cəmiyyətlərinin sosial quruluşu barədə mövcud təsəvvürlərin yenidən nəzərdən keçirilməsini zəruri edir. Çaxmaqdaşından alətlər yalnız ov və ya gündəlik əmək vasitəsi deyil, həm də mənsubiyyət, xatirə və ya status rəmzi kimi bütün icma üzvləri üçün əhəmiyyət kəsb edib.
Alimlər vurğulayırlar ki, Zveynieki qəbiristanlığında aşkar edilən dəfn ayinləri qadın və uşaqların da icma həyatında daha böyük və çoxşaxəli rol oynadığını göstərir. Bu fakt qədim cəmiyyətlərin mənəvi və mədəni həyatının indiyədək düşünüləndən daha mürəkkəb olduğunu sübut edir.
Poliqon.info