AZ

Şuşakənd, Qırmızı Bazar və Sos: Böyük qayıdışın yeni ünvanları

"Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir". Bu fikirləri Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərində keçmiş məcburi köçkünlərlə görüşü zamanı deyib.

Prezidentin də qeyd etdiyi kimi, müqəddəs Zəfər xalqımızın əyilməz ruhunu, Vətən sevgisini təcəssüm etdirdi. Qarabağ və Şərqi Zəngəzura həyatın yenidən qaytarılması Böyük qayıdışın Azərbaycan xalqının milli çağırışı olduğunu bir daha nümayiş etdirdi. Əzmi və qətiyyəti ilə uzun illərdir düşmən əsarətində olan torpaqlarımızı azadlığına qovuşduran Ali Baş Komandan viran qoyulub xarabalığa çevrilən Qarabağ və Şərqi Zəngəzuru cənnətməkana çevirir və əzəli sahiblərinə qovuşdurur.

Əzəli yurd yerlərimiz sürətlə bərpa olunur. Bunun nəticəsi olaraq 2022-ci ilin iyul ayından etibarən keçmiş məcburi köçkünlər yurdlarına qovuşurlar. Üç onillikdən çox dədə-baba torpaqlarına həsrət qalan vətəndaşlarımız mərhələli olaraq torpaqlarına qayıdırlar. Elə bir ay yoxdur ki, qayıdış köçünün şahidi olmayaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan Böyük qayıdış proqramı çərçivəsində bu gün artıq 24 yaşayış məntəqəsində məşkunlaşma reallaşdırılıb, 18445 nəfər (4665 ailə) əzəli torpağına qovuşub. 

Köç karvanlarının sayı artdıqca qayıdış ünvanları da dəyişir, yenilənir. Dünən daha üç yeni yaşayış məskəni sakinlərini qarşılayıb. Bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 15 ailə (59 nəfər), Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 10 ailə (39 nəfər), Xocavəndin Sos kəndinə isə 10 ailə (45 nəfər) geri dönüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə qayıdan keçmiş məcburi köçkün İlyas Quliyev sevincinin hədd-hüdudu olmadığını vurğulayıb: "Öz yerimizə, obamıza, ata yurdumuza gedirik. 10-15 il ömrümüz var, onu da doğma yurdumuzda rahatlıqla yaşaya bilərik. Müəyyən planlarımız var. Öz bağımızla, bostanımızla məşğul olacağıq".

Qırmızı Bazar qəsəbəsinə qayıdan Nazənin Hüseynova deyib ki, kənddən çıxanda 40 yaşı olub, indi isə artıq 72 yaşındadır. 32 ildir Azərbaycanın müxtəlif bölgələrində yaşasa da, son məskunlaşdığı yer Bakı şəhəri olub. Keçmiş məcburi köçkün yataqxanalarda yaşadığı bu illər ərzində həmişə elinə, obasına köçməyin xəyalı ilə yaşayıb. Yurduna qızı ilə qayıdan Nazənin Hüseynova ən böyük arzusu gerçəkləşdiyi üçün çox xoşbəxt olduğunu bildirib. 

Düşməndən azad etdiyimiz ərazilərimizin tam məskunlaşmasına, digər keçmiş məcburi köçkünlərin də yurd həsrətinin bitməsinə az qalıb. 2026-cı ilin sonunda Böyük qayıdışın birinci mərhələsi bitəcək. O zamana qədər Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin, 34 min 500 ailənin dədə-baba torpaqlarında daimi məskunlaşması təmin ediləcək. 

Vətən müharibəsindən sonra prioritet məsələlərdən biri infrastrukturun bərpası və bölgəyə həyatın qaytarılması idi. Bugünkü statistikaya nəzər yetirəndə görürük ki, qarşıya qoyulan hədəflərə nail olunub. Düşmən əsarətindən xilas edilmiş ərazilərimizdə reallaşdırılan bərpa və quruculuq işləri, qısa müddət ərzində keçmiş məcburi köçkünlər üçün yaradılan şərait dövlətimizin qüdrətini və xalqımızın sarsılmaz iradəsini əks etdirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, yaşayış məskənlərinin dirçəldilməsi qarşıda bizi hələ xeyli qayıdış zəfərlərinin gözlədiyindən xəbər verir.

 Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Seçilən
32
azerbaijan-news.az

1Mənbələr