AZ

“Daily Finland” qəzetində Cənubi Qafqazda sülh prosesinə dair məqalə dərc olunub

Stokholm, 12 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Finlandiyanın ingilisdilli “Daily Finland” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Zaur Əhmədovun məqaləsi dərc olunub. Məqalə Finlandiyanın ATƏT-ə sədrliyi ilə Cənubi Qafqazda baş verən tarixi sülh hadisələrinin üst-üstə düşməsinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, materialda avqust ayında Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanmasından bəhs olunur. Eyni zamanda, xarici işlər nazirləri sülh sazişini paraflayıb və Minsk prosesinin bağlanması ilə bağlı ATƏT-ə müraciət ediblər. 2025-ci il sentyabrın 1-dən qüvvəyə minmiş bu qərar 1975-ci il Helsinki Yekun Aktının prinsiplərini vurğulayan mühüm addım olub.

Məqalədə xüsusi olaraq Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutan yeni nəqliyyat dəhlizi olan TRIPP layihəsinə diqqət yetirilir. Bu marşrut Avropanı, Qafqazı, Mərkəzi Asiyanı və Çini birləşdirən Orta Dəhlizin bir hissəsi olacaq.

Finlandiyaya bu istiqamət artıq tanışdır. “Nurminen Logistics” şirkəti Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda aktiv fəaliyyət göstərir və onun inkişafına töhfə verib. TRIPP marşrutu istifadəyə verildikdən sonra dəhlizin ümumi buraxılış qabiliyyəti artacaq, bu da daha sürətli və təhlükəsiz logistika hesabına fin şirkətləri üçün yeni imkanlar yaradacaq.

Səfir vurğulayıb ki, Cənubi Qafqaz yeni əməkdaşlıq modelləri axtaracaq və bu məsələdə Skandinaviya regional inteqrasiya təcrübəsi nümunə ola bilər. Etimad və praqmatizmə əsaslanan Skandinaviya modeli keçmiş rəqiblərin qarşıdurmanı tərəfdaşlığa çevirə biləcəklərinin mümkünlüyünü göstərir.

Z.Əhmədovun fikrincə, sülh prosesi Finlandiya üçün də mühüm əhəmiyyət daşıyır. Birincisi, o, Avropanın şərq qonşuluğunda sabitliyi təmin edir ki, bu da birbaşa olaraq avropalıların gündəlik həyatına təsir göstərir.

İkincisi, TRIPP layihəsinin işə düşməsi və Orta Dəhlizin güclənməsi ilə fin ixracatçıları Asiyaya daha şaxələndirilmiş marşrutlara çıxış əldə edəcəklər. Bu isə yeni bazarlar, daha qısa, təhlükəsiz və ekoloji cəhətdən təmiz nəqliyyat əlaqələri deməkdir.

Üçüncüsü, sülh prosesi Ermənistanın konstitusiyasına dəyişiklik etməsini – Azərbaycana qarşı bütün ərazi iddialarının çıxarılmasını tələb edir. Bu addım beynəlxalq hüququn tam tanınması və hörmət edilməsinə, Avropa dəyərlərinə uyğun hərəkətə işarədir – elə bir vaxtda ki, dünyanın müxtəlif yerlərində ərazi bütövlüyü ciddi şəkildə mübahisələndirilir.

Seçilən
17
1
azertag.az

2Mənbələr