AZ

Dünyanı dəhşətə gətirən sui qəsd: Əmr eyni yerdən verilib? Detallar

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Amerikalı siyasi fəal və bloger Çarli Kirkin Yuta ştatının Orem şəhərində keçirilən universitet tədbirində çıxışı zamanı sui-qəsdə məruz qalması bütün dünyada rezonans doğurub. ABŞ Prezidenti Donald Trampın dəstəkçisi kimi tanınan blogerə hücum edən şəxsin artıq saxlanıldığı açıqlanıb.

Maraqlıdır ki, Kirkə qarşı törədilən sui-qəsdin detalları bir çox baxımdan seçki kampaniyası zamanı Trampa qarşı törədilən sui-qəsdə bənzəyir. Hər iki hücum mitinq və ya ictimai toplantı zamanı baş verib, ikisində də odlu silahdan atəş açılıb və hər iki halda hücumçular baş nahiyəsini hədəf seçiblər. Ağ Ev rəhbərinə atəş açan şəxs dəqiqliklə nişan alsa da, güllə yalnız qulağını cızaraq keçmişdi. Bloger isə boğazından yaralanıb. Kirk də, Tramp da ABŞ-da sağ-mühafizəkar düşüncənin simalarındandır.

Kirkə hücumun arxasında hansı güclər dayanır? ABŞ prezidenti ilə onun tərəfdarına qarşı törədilən sui-qəsd planları arasında nə kimi əlaqə var?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, ABŞ-ın daxili siyasi mühitində baş verən bəzi proseslər ciddi təəccüb doğurur:

“Hazırda təhlükəsizlik sahəsində risklərin artdığını müşahidə edirik. Xüsusilə Donald Trampın hədəf alındığı sui-qəsd cəhdi ilə amerikalı siyasi fəal Çarli Kirkə qarşı yönəlmiş hücum arasında ciddi oxşarlıqlar var. Ən önəmli məqamlardan biri odur ki, bu hücumlar eyni ssenari üzrə həyata keçirilib. Burada təsadüf axtarmağa dəyməz – hər iki halın arxasında vahid mərkəzdən idarə olunan şəxslər qrupunun dayandığı ehtimalı kifayət qədər güclüdür”.

İlyas Hüseynov

Politoloq hesab edir ki, ABŞ-da hazırkı hakim komandaya qarşı bu kimi hücumlar gələcəkdə də təkrarlana bilər:

“Tramp və onun ətrafındakı şəxslərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunmalıdır. Çünki ABŞ-da odlu silah əldə etmək kifayət qədər asandır və bu, terror risklərini artırır. Daxili siyasətdəki qarşıdurmalar da artıq açıq fazaya keçib. Siyasi qruplar arasında mövcud gərginlik fonunda ortaya olduqca təhlükəli mənzərə çıxır”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
globalinfo.az

1Mənbələr