ain.az bildirir, Bizimyol portalına istinadən.
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bu günlərdə gündəmə gələn mövzu ali təhsil müəssisələrində geyim standartıdır. Hamımız bilirik ki, tələbələr təhsil müəssisəsinə müxtəlif geyimlərdə, qeyri-adi saç düzümündə, tatu vurdurmuş, saqqallı və s. digər diqqət çəkən vəziyyətlərdə gələ bilirlər.Bəs ali təhsil müəssisələrində geyim, xarici görkəm, saç düzümü ilə bağlı hansısa məhdudiyyət varmı?
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə, təhsil müəssisələrində davranış qaydaları müəssisənin daxili qaydaları ilə tənzimlənir. Eyni zamanda, hər bir müəssisənin nizamnaməsi var və qaydalar orada yer alır. Ekspertin sözlərinə görə, bununla bağlı konkret olaraq hansısa sərt məhdudiyyət yoxdur, sadəcə orta məktəblərdə geyimlərə münasibətdə daha sərt münasibət mövcuddur.
İlqar Orucov
“Universitetlərdə hansısa qadağa, məhdudiyyət universitetin nizamnaməsində və eyni zamanda universitetdə təhsil alanlara münasibətdə davranış qaydalarında öz əksini tapa bilər. Bütün hallarda nümunəvi geyimlə bağlı mədəniyyəti təşviq etməliyik.
Bütövlükdə tələbələrin həm davranış, həm də geyim qaydaları daxili nizamnamə ilə tənzimlənməlidir. Ola bilsin ki, hansısa xüsusi bir tədbir olar və vahid geyim tələbi meydana çıxa bilər. Amma ümumilikdə konkret vahid formada məktəbə gəlmək kimi bir tələb mövcud deyil”-deyən təhsil eksperti bildirib ki, tələbələr artıq şəxsiyyət olaraq formalaşmış, özünü ifadə edə bilən və eyni zamanda seçim azadlığına malikdirlər. İlqar Orucovun fikrincə, bu da o demək deyil ki, universitetə istənilən geyimlə və ya istənilən saç düzümü ilə gəlmək olar.
“Tələbələrin geyimləri diskriminasiya yaratmamalıdır. Eyni zamanda, bu geyim tələbələr arasında hansısa bir gərginlik yaratmamalıdır və yaxud akademik keyfiyyətə təsir göstərməməlidir. Kifayət qədər diqqət çəkən geyim və yaxud açıq-saçıq geyim ümumi diqqətin yayınmasına gətirib çıxara bilər. Tələbələrin geyimlərinə azadlıq verilməli və bu azadlığın da bir həddi olmalıdır. Bu çərçivələr isə qeyd etdiyim kimi normalarla tənzimlənməlidir”-deyə İlqar Orucov qeyd edib.
Ali təhsil müəssisələrinə qeyri-adi saç düzümü ilə gəlmək məsələsi ilə bağlı İlqar Orucov vurğulayıb ki, bu cür davranış arzuolunan deyil.
“Qeyri-adi saç düzümü, tatu vurdurmaq və s. bu kimi davranışları məktəbə daşımaq düzgü deyil. Eyni zamanda Azərbaycan xalqının özünün geyim mədəniyyəti var. Mən gənclərin azadlığının tərəfdarıyam. Amma gənclərin ifrat və eyni zamanda, milli dəyərlərimizə bu və ya digər şəkildə xələl gətirən istənilən davranışının əleyhinəyəm. Bu mənada hesab edirəm ki, təhsil müəssisəsində mühafizəkarlığın və azadlığın həddi olmalıdır.
Tutaq ki, mən hansısa istədiyim geyimdə gedirəm, amma bu geyim ətrafımda qıcıq yaradırsa, mən digər bir insanın hüququnu pozmuş oluram. Bununla bağlı mütləq şəkildə düşünmək lazımdır. Bir şəxsin azadlığı, digər bir şəxsin azadlığını məhdudlaşdırmamalı və eyni zamanda diqqətin yayınmasına, aqressiv mühitin formalaşmasına gətirib çıxarmamalıdır”-deyən İlqar Orucov hesab edir ki, əgər bu qaydaların sərtləşməsinə ehtiyac varsa, mütləq şəkildə biz bunu etməliyik.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.