AZ

Seyran Səxavət: “Milli Məclis hərəkətə keçməsə gec olacaq”

“Əvvəla dava-şava ancaq toylarda olmur ki. Marketdə də olur, küçədə, yolda, avtobusda da olur. Davanı ancaq toyun ayağına bağlamaq düzgün deyil. Bir məsələ var: aşığın sözü qurtaranda dalay-dalay deyər. Əgər elə hünərli bir təşkilat varsa, toyda bir neçə ciddi düzəliş etmək lazımdır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət deyib. O bildirib ki, toylarda ən başlıca israfçılığın qabağını almaq lazımdır:

“Birincisi, israfçılığın qabağını almaq lazımdır. Dünən mən toyda idim. Stoldakı təamların 85 faizi elə orada qaldı. Ümumiyyətlə israfçılığı nə Allah, nə də bəndə qəbul eliyir. Yırtıcı heyvanlar belə israfçılıq eləmir. Məsələn, şir meşədə bir dovşanı tutur yeyir, daha başqalarıyla işi yoxdu. Bizdə isə mədə doyur, göz doymur. Gözün iştahı ilə hərəkətə keçirik, mədə az qalır çatdasın. İsrafçılıq nə “Quran”da, nə kitab da, nə məişətdə, nə də kənddə-kəsəkdə qəbul olunmayan bir şeydi. Bax düzəltmək istəyirlərsə, bunu düzəltsinlər. Mən 1964-cü ildən Bakı toylarına gedirəm. Bakı kəndlərində mənim dostlarım çoxdur. Yemək verilirdi küftə-bozbaş, vəssalam. Yanında da şoraba, soğan, çörək, içki. İndi stolun üstündə hər şey var. Bir dəfə gərək sayam. Mən saymamışam, siz sayın. Sayın görün stolun üstünə neçə cür yemək qoyulur. Mən dəfələrlə demişəm, yenə də deyirəm. Dünyanın hansı yerində, hansı istiqamətdə israfçılıq varsa, o əvvəl danışıq dilində yaranır. Əvvəl bizim Azərbaycan dilində israfçılıq yarandı, sonra oradan sürüşüb düşdü məişətimizə. Toy da bizim məişətimizin bir hissəsidir. Bu özbaşınalıq baş alıb gedir. Eləcə də hüzür yerlərində. Ölü yiyəsi bilmir ölüsünü dəfn eləsin yoxsa gələn qonaqların qarnını doyursun. Bunlar hamısı nəyə lazımdır? Düzəltmək istəyirlərsə, jurnalistlər də bu işin üzərində bərk dursunlar”. 
Seyran Səxavət vurğulayıb ki, Milli Məclis toy və yas yerlərində yeməklərlə bağlı konkret menyu tərtib etməlidir:
“Qaldı ki, ciyəraxşamı kimi yığıncaqlara, bunlar ancaq mehribançılıq əlamətidir. Adamların bir yerə yığışıb dərdləşməyi, söhbət etməyi, bir tikə çörək yeməyi ancaq yaxşılığa doğru bir şeydi. Mən Bakı kəndlərində ciyəraxşamında olmuşam. Ləzzətli söz, yaxşı söhbət, dərdləşmə, bunun nəyi pisdir ki? Milli Məclisdə konkret olaraq, ora-buralarını qaşımaqla məşğuldurlar. İş-güc yox. Bilmirlər nə işlə məşğul olsunlar. İndi də bir deputatın paylaşımını oxudum. Yazıb ki, müharibədə əllərini, ayaqlarını itirən hərbçilərə ev yox, pul vermək lazımdır. Biri isə yazıb ki, arvad evdə çay süzürsə, kişi ona pul verməlidir. Milli Məclisdə bunlar müzakirə olunur. Komitə sədrləri bunları müzakirə edir. Çoxunun beyinləri quruyub. Özlərinin də şadlıq evləri və mərasim evləri var. Əgər elə deyilsə, niyə toylar üçün konkret menyu tərtib edilmir? Qərar qəbul etsinlər yas və toy məclislərinin menyusu haqqında. Qalan şeyləri xalq özü həll edəcək. Bir məsələ var: dəyirman bildiyini edir, çax-çax baş ağrıdır. Zəhmət çəksin Milli Məclsin qərar qəbul etsin ki, yasda menyu necə olmalıdır və toyda necə olmalıdır”. 
Seçilən
10
1
yenilik.az

2Mənbələr