AZ

Rusiyada indi də miqrantlara ailə üzvlərini gətirmək qadağan olunur...


Azər Allahverənov: “Kimsə ailə üzvü olaraq əmək fəaliyyətilə məşğul olmaq istəməyəcəksə,onların Rusiyada qalması çətinləşəcək”

Rusiyada miqrantlara qarşı münasibət get-gedə sərtləşir. Sergey Mironovun lideri olduğu "Ədalətli Rusiya-Həqiqət naminə" fraksiyasının deputatları Dövlət Dumasına əmək miqrantlarının ailə üzvlərini Rusiyaya gətirməsinə qadağa qoyan qanun layihəsi təqdim ediblər.

Qanun layihəsininmüəllifləri təkliflərini onunla əsaslandırırlar ki, əmək miqrantlarının ailələrinin Rusiyada qalması dövlətin sosial infrastrukturuna, o cümlədən təhsil müəssisələri və səhiyyə sistemində əhəmiyyətli yükə gətirib çıxarır. Onlarıniddiasına görə, qadağa tətbiq olunarsa, miqrasiya axını 15-20 faiz azalacaq.

Məlumdur ki, hazırda Rusiyada azərbaycanlı miqrantların sayı çoxluq təşkil edir. Maraqlıdır, bu qərar Rusiyada azərbaycanlı miqrantların sayına təsir edəcəkmi?

“Yeni qayda istər-istəməz miqrantların sayına təsir edəcək, qanun qəbul edilərsə, hüquqi əsası olmayan bəzi miqrantların geri dönüşü başlaya bilər”

Millət vəkili Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Mərkəzi Asiya ölkələrindən olan miqrantların böyük əksəriyyəti ailə üzvləri ilə Rusiyada əmək fəaliyyəti ilə məşğul olur: “Həmin miqrantlar əmək fəaliyyəti ilə məşğul olarkən əldə etdikləri vəsait hesabına ailə üzvlərini yanlarında saxlayırlar. Ancaq Rusiya hökuməti miqrant ailələrlə bağlı müəyyən fikirlər, təkliflər səsləndirir.Yeni qaydalara əsasən, uşaq rus dilində sərbəst danışdıqdan sonra məktəbə qəbul ola bilər. Rus dilini bilməyən uşaqlarla bağlı tədris problemi yaşanır. Ümumiyyətlə, miqrantların sayının azalması ilə bağlı fikirlər səslənir.

Məlum qanun layihəsi artıq bir neçə aydır müzakirə olunur və müxtəlif ekspertlər tərəfindən, siyasi mərkəzlərdə kifayət qədər təqdir olunacaq tərzdə nəzərdən keçirilirdi. İstənilən halda, Rusiyada miqrant, xüsusən də miqrant ailələrilə bağlı belə bir mövqe formalaşırsa, təbii ki, sonrakı mərhələdə proses layihənin qanuniləşdirilməsinə gətirib çıxara bilər. Bu da nəticə etibarı ilə Rusiya ərazisində uzun müddət yaşayıb əmək fəaliyyətilə məşğul olan miqrantların ailə üzvlərini də özlərilə götürməsini çətinləşdirəcək. Əməkçi miqrantlar üçün əlavə problemlər yaranacaq. Qanun layihəsi Dövlət Dumasında qəbul edilərsə, birmənalı şəkildə miqrantların ailə üzvlərinə də toxunacaq bir qanun layihəsi olacaq. Qanun layihəsi həmdə ona hesablanıb ki, ailə üzvləri olan şəxslər də əmək fəaliyyətilə məşğul olsunlar. Bundansonra isə onlar Rusiya ərazisində uzun müddət yaşamaq hüququ qazanmış olurlar. Bu daiqtisadiyyata əlavə vergi ödənişləri və digər daxilolmaları təmin etmiş olacaq. Burada əsas hədəf məhz budur. Kimsə ailə üzvü olaraq əmək fəaliyyətilə məşğul olmaq istəməyəcəksə,onların Rusiyada qalması çətinləşəcək”.

Həmsöhbətimiz onu da əlavə etdi ki,bu il Rusiyada təxminən 450 min Azərbaycan vətəndaşı yaşayır, onların 100 mindən çoxu birbaşa əmək fəaliyyəti ilə məşğuldur: “Yeni qayda istər-istəməz miqrantların sayına təsir edəcək. Qanun qəbul edilərsə, hüquqi əsası olmayan bəzi miqrantların geri dönüşü başlaya bilər”.

Günel CƏLİLOVA

Seçilən
22
baki-xeber.com

1Mənbələr