AZ

Arıçılar üçün ən vacib ay: Qışa hazırlıq başlayır

Arıçılıq Azərbaycanda kənd təsərrüfatının ən vacib sahələrindən biridir. Arılar yalnız bal istehsalı üçün deyil, həm də ekosistemin sağlamlığı və bitki örtüyünün tozlanması baxımından həyati rol oynayır. Qış mövsümü arılar üçün kritik dövrdür, çünki bu zaman onların sağlamlığı və həyat fəaliyyəti birbaşa gələcək məhsuldarlığa təsir göstərir.

Arıçılar Assosiasiyasının Sumqayıt filialının rəhbəri Araz Hüseynov bu barədə Musavat.com-a bildirir ki, arıları qışa hazırlamaq prosesi avqustdan başlayır:

“Arıları qışa hazırlamaq üçün ilk növbədə arıların gənə ilə mübarizəsi vacibdir. Arıçıların ən çox işi yazda və yayda olmur; əsas fəaliyyət avqust ayından başlayır. Bu dövrdə gənəyə qarşı profilaktik tədbirlər görülür və müxtəlif dərman preparatları tətbiq edilir”.

Araz Hüseynov qeyd edib ki, Azərbaycanda arılar arasında çürümə xəstəlikləri hələ də mövcuddur:

“Bu xəstəliklərə qarşı mübarizə şərbətlə yemləmə vasitəsilə aparılır. Eyni zamanda arıların vücudunun sağlamlığını və qurd tökməsini təmin etmək üçün avqust ayında vitaminlər verilir. Sentyabr ayında da gənə ilə mübarizə aparmaq vacibdir, çünki payız aylarında gənələrin sayı artır və arı ailələrinin qışa sağlam hazırlaşması üçün tədbirlər davam etdirilməlidir. Son üç ildə gənələrin sayı hədsiz dərəcədə artıb və yeni dərman vasitələrindən istifadə olunsa da, problemlər tam həll olunmayıb”.

Araz Hüseynov bildirib ki, arıların qışlaması dağ şəraitində keçirilsə, daha səmərəli olur:

“Çünki mülayim hava şəraitində arılar boşuna enerji sərf etmədən qışa hazırlaşa bilir. Oktyabr ayında arılar “kluba”, yəni qış yuxusuna yerləşdirilir, yerləri sıxlaşdırılır və hər arı ailəsinə yarım kilo yem verilir. Havanın temperaturu düşdükcə gənəyə qarşı tədbirlər də təkrarlanmalıdır”.

Seçilən
16
1
ekologiya.az

2Mənbələr