AZ

Dünyada qaydalar daha da dərin şəkildə sarsılır Hərbi ekspert

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"İsrailə qarşı genişmiqyaslı embarqo tətbiq olunması inandırıcı deyil. Ancaq başa düşməliyik ki, dünya çox maraqlı və eyni zamanda qeyri-sabit vəziyyətə düşüb. Dünya əvvəlki qaydalarla idarə olunmur. Bu gün kim haqlıdır, kim haqsızdır məsələsi ikinci plandadır. Əsas məsələ ittifaqların formalaşmasıdır, kim kimlə birləşəcək, kim hansı müttəfiqi seçəcək".

Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə İsrailə qarşı genişmiqyaslı embarqo tətbiq olunmasının mümkün olub-olmamasından danışarkən bildirdi.

"Hazırda vəziyyət Birinci Dünya müharibəsinin əvvəlinə bənzəyir. O dövrdə də ittifaqlar dəyişirdi, bəzi ölkələr birindən çıxıb digərinə qoşulurdu. İndi də oxşar dövr yaşanır. Hər kəs ilk növbədə özünü və təhlükəsizliyini düşünür, lazım gəlsə müttəfiq axtarır. Embarqo məsələsinə gəldikdə, çox güman ki, ABŞ İsrailə qarşı tam sanksiyalara icazə verməyəcək. Almaniya müəyyən silah növlərinin ixracını məhdudlaşdıra bilər, amma bu, parlament müzakirəsindən asılıdır. Bununla belə, böyük və geniş embarqo gözlənilmir. Onsuz da biz görürük ki, embarqo və sanksiyalar nə İrana, nə Şimali Koreyaya, nə də Rusiyaya qarşı ciddi nəticə verməyib", - deyə o qeyd etdi.

Ekspert hesab edir ki, İsrailə qarşı embarqo tətbiq olunsa belə bu, mənasız olacaq.

"İsrailin mövqeyi də aydındır: “Mənə toxunmayın, mən də toxunmaram. Əgər toxunsanız, vuracağam, dağıdacağam”. Onların şüarı belədir: “Əsrlər boyu bizə zülm ediblər, biz heç kimə inanmırıq, hər kəsə qarşı mübarizə aparmağa hazırıq”. Bu mövqe haqlıdır, ya yox, mən qiymət vermək istəmirəm, çünki əhəmiyyətli deyil. Əsas məsələ odur ki, bu vəziyyət dünyadakı qaydaları daha da pozur. Onsuz da Rusiya-Ukrayna müharibəsindən sonra həmin qaydalar zəifləyib və pozulmuşdu, indi isə daha da dərin şəkildə sarsılır", - deyə Azad İsazadə yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
redaktor.az

2Mənbələr