AZ

Mərkəzi Bank uçot dərəcəsini niyə sabit saxladı?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pərviz Heydərov yazır...
Mərkəzi Bank (AMB) 10 sentyabr qərarı ilə uçot dərəcəsini sabit, yəni 7% səviyyəsində saxladı. Sual yaranır ki, bu uzun müddət davam edəcəkmi ? Məsələ bundadır ki, AMB-nin budəfəki qərarı gözlənilən idi, o baxımdan ki, ölkədə istehlak qiymətləri indeksinin artım tempinin ilin birinci yarısının yekununa, yəni ortasına doğru səngiməsi fonunda, ikinci yarıda yenə sürət götürmək istəyi nümayiş etdirməsinə əks olaraq hələ ki hər hansı bir ciddi tendensiya müşahidə olunmur.
Ümumiyyətlə, xatırladım ki, iyun ayının yekununa əsasən istehlak qiymətləri indeksinin illik səviyyəsi nəinki sabit qalmış, cüzi də olsa aşağı düşmüşdü. Mayda qeyd olunan göstərici ötən ilin eyni ayına nisbətən 106.3% təşkil etmişdisə, iyunda 106%-ə bərabər olmuşdu.
İl başlayandan isə bu rəqəmin hər ay artdığı qeydə alınırdı. Söhbət illik inflyasiya səviyyəsindən gedir. Bu göstərici yanvarda 5.4%, fevralda 5.5%, martda 5.9%, apreldə və mayda isə 6.3% olmaqla yalnız, mayın yekununa görə sabit qalmışdı.
İyunda isə 6% təşkil etmişdi.
2025-ci ilin yanvar-iyul aylarında isə istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 105.8%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106.6%, qeyri-qida malları üzrə 102.6%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrəsə 107.3 % səviyyəsində qeydə alınmışdı.
İyunda illik inflyasiya səviyyəsinin 0.3% azalması, orta illik inflyasiyanın isə sabit qalması heç də ölkədə qiymətlərin yüksəlişinin dayandığı - bahalaşmanın səngidiyi anlamına gəlməmişdi.
Məsələ ondadır ki, bu və ya digər səngiməyə baxmayaraq ötən illə müqayisədə, inflyasiya əslində bu ilin ötən dövrü ərzində yüksəkdə sayılıb. 2018-2021-ci illər ərzində ölkə üzrə qiymət artımı səviyyəsi 10%-i keçmədiyi halda, 2022-ci ildə bu rəqəm birdən-birə 14%-ə yaxınlaşmış, 2023-cü ildə 8.8%, ötən il isə 5%-ə yaxın təşkil etmişdi. Yəni ötən iki il ərzində - 2023-2024-cü illərdə bu proses zəifləmişdi.
Lakin yuxarıda da qeyd etdiyim kimi, bu ilin əvvəlindən sözügedən temp yenidən artdı və özü də bu proses iqtisadi artımın zəiflədiyi fonda baş verdi. Bəli, ola bilsin ki, bunu əsasən, üç amil şərtləndirdi.
Birincisi, hökumətin cari ilin əvvəlindən etibarən növbəti, yəni 2019-cu ildən bəri həyata keçirilməkdə olan sayca beşinci sosial islahat paketinə start verməsi, ikincisi, dövlət tərəfindən tənzimlənən bir sıra tariflərin cüzi də olsa artırılması, üçüncüsü isə bu il ölkəyə idxalın daha da artması...
Bəs, bunlardan ən güclü rola malik olanı hansıdır?
Sözsüz ki, üçüncüsü, ölkəyə idxalın artması faktoru. Həmişə qeyd etmişəm və yenə təkrar edirəm ki, ölkədə inflyasiyaya əsas təsir və təzyiq amilləri kənar vasitələr sayılır. Kommunal xidmətlərin bahalaşdırılması, hətta maaş və pensiya artımları da ciddi amil hesab edilmir.
Neftə görə xarici ticarətimizdə azalma fonunda ərzaq idxalının genişlənməsi müəyyən fəsadlar yaradır ki, bu da daxili bazarımızın ən zəruri istehlak malları üzrə idxaldan asılı vəziyyətdə olmasından irəli gəlir. İnflyasiya da ən çox məhz bunun təsiri və təzyiqindən alov əldə edir. Elə AMB uçot dərəcəsinə dair qəbul etdiyi qərarlara dair izahatlarında da dolayı yolla da varsa, hər dəfə bunu diktə edir.
2025-ci ilin yanvar-avqust aylarında ölkədə inflyasiya 5.6% təşkil edib. İstehlak qiymətləri qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6.6%, qeyri-qida məhsulları üzrə 2.6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6.9% artıb. Ümumiyyətlə, avqustda istehlak qiymətləri əvvəlki aya nisbətən 0.4% artıb.
Girişdə yazdım ki, ölkədə istehlak qiymətləri indeksinin artım tempinin ilin birinci yarısının yekununa, yəni ortasına doğru səngiməsi fonunda, ikinci yarıda yenə sürət götürmək istəyi hiss olundu. Təkrar edirəm, bu, hələ ciddi deyil. Lakin artıq, qiymətlərin sabit qalmasına şərait və zəmin yaradan ən mühüm amillərdən olan mövsümi şərait arxada qalıb.
Odur ki, inflyasiya tempində sabitlik pozula bilər. Bu səbəbdən də, AMB tərəfindən 2024-cü ilin mayından etibarən qəbul edilən qərarlar əsasında 7.25% səviyyəsində saxlanılan uçot dərəcəsinin cari ilin iyulunda 0.25 faiz-bənd azaldılaraq müəyyən olunan 7% həddi özü də, növbəti qərar zamanı yenə qaldırıla bilər.
Seçilən
15
oxu.az

1Mənbələr