AZ

11 sentyabr hadisələri - Azərbaycan anti-terror fəaliyyətində ABŞ-a dəstək verən ilk ölkələrdəndir

Vaşinqton, 11 sentyabr, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarında 2001-ci il sentyabrın 11-də baş vermiş terror aktından 24 il keçir. Həmin gün “Əl-Qaidə” terror təşkilatının üzvləri dörd sərnişin təyyarəsini ələ keçirərək Nyu-York, Vaşinqton və Pensilvaniyaya hücum etdilər. İki təyyarə Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin qüllələrinə çırpıldı, üçüncü təyyarə Vaşinqtonda Pentaqonun binasının bir hissəsini dağıtdı, dördüncü təyyarə isə Pensilvaniyada “missiyasını” yerinə yetirə bilmədi. Terror hücumları nəticəsində təxminən 3 min nəfər öldü, 6 mindən çox insan xəsarət aldı. Həmin gün Birləşmiş Ştatlar tarixində ən faciəli günlərdən biri hesab olunur.

11 sentyabr hadisələrindən sonra dünyanın təhlükəsizliklə bağlı yanaşmasında yeni dövr başladı. Azərbaycan anti-terror fəaliyyətində ABŞ-a dəstək verən ilk ölkələrdən oldu. Hadisədən dərhal sonra Ümummilli Lider Heydər Əliyev bəyanat verərək, terrora qarşı mübarizədə Azərbaycanın ABŞ-a hər cür dəstək verməyə hazır olduğunu bildirdi. Bununla da, iki ölkə arasında münasibətlər yeni mərhələyə keçdi və təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələri quruldu.

Qeyd edək ki, Azərbaycan həm də coğrafi mövqeyinə və enerji resurslarına görə Vaşinqton üçün önəmli rola malikdir. Bayden administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətlərində soyuqluq yaransa da, Trampın hakimiyyətə gəlməsi ilə ölkələrimiz arasındakı əlaqələr də yeni mərhələyə qədəm qoydu. ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Robert Sekuta deyir ki, Azərbaycanın dəstəyi ABŞ tərəfindən yüksək qiymətləndirilir. “Hesab edirəm ki, Azərbaycanın terrorizmlə mübarizədə ABŞ-la necə işlədiyini unutmaq olmaz. Bilirsiniz ki, Azərbaycan bölmələri Əfqanıstanda bizimlə, NATO ilə bir yerdə xidmət edib. Azərbaycan sülhməramlıları Kabul hava limanını ABŞ hərbçiləri ilə birlikdə ən sonda tərk edib. Birləşmiş Ştatlar hələ də bu sahədə Azərbaycanla əməkdaşlıq etməli və terrorla mübarizə aparmalıdır. Bu, həm azərbaycanlılar, həm də amerikalılar üçün həqiqətən çox vacib bir məsələdir”,- deyə o əlavə edib.

11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək üçün ABŞ Senatı Prezidentə 907-ci düzəlişin tətbiqindən imtina etmək imkanını verən düzəliş qəbul edib. Azərbaycan ilk gündən ABŞ-ın terrorla mübarizə səylərinə və NATO-nun Əfqanıstandakı missiyasına dəstək verib. NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakçısı olduğu “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Azərbaycan hökuməti özünün quru, hava və su məkanını müvafiq yükdaşımalarının həyata keçirilməsi üçün açıb.

Bu ilin avqustundan etibarən isə ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ başlayıb. Artıq tərəflər əlaqələrin möhkəmləndirilməsi və daha dayanıqlı əməkdaşlıq platformasının formalaşdırılması məqsədilə strateji tərəfdaşlıq xartiyası üzərində iş aparırlar. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri zamanı Prezident Donald Trampın səsləndirdiyi mühüm fikirlər, habelə gələcək əməkdaşlıq istiqamətində atılan qətiyyətli addımlar, əslində 11 sentyabr hadisələrindən sonra Azərbaycanın etibarlı tərəfdaş kimi özünü sübut etməsinin məntiqi davamıdır.

Başqa sözlə, uzun illərdir formalaşan qarşılıqlı etimad və əməkdaşlıq ənənəsi bu gün yeni məzmunla zənginləşərək daha da inkişaf edir, ikitərəfli əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
15
4
azertag.az

5Mənbələr