İndoneziyanın Bali adasında və Şərqi Nusa Tenggara əyalətində güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununl abağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində 20 nəfər həyatını itirib, 6 nəfər isə itkin düşüb.
Ölkədə 8 sentyabrda başlayan güclü yağışlar, Bali adası və Şərqi Nusa Tenggara əyalətində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Rəsmilər bildiriblər ki, daşqın sularının çəkilməsindən sonra itkin düşən 6 nəfəri tapmaq üçün qurtarma qrupları çaylarda və kəndlərdəki dağıntılar arasında axtarış-xilasetmə işlərinə başlayıblar.
Yağışlardan sonra çayların daşması nəticəsində Bali adasında 9 şəhər və rayon zərər çəkib, yüksələn sular səbəbilə ən azı 120 məhəllə su altında qalıb və bir çox yerdə torpaq sürüşmələri baş verib.