AZ

“Vaşinqton sülhünü pozmaq istəyənlər Ermənistan daxilindəki revanşist qüvvələrdir” -Deputat

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib ki, 8 avqustda Vaşinqtonda əldə olunan sülhü pozmaq cəhdləri var.

Paşinyanın bəyanatı ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, bir sıra beynəlxalq qüvvələr ötən dövr ərzində Azərbaycan-Ermənistan arasında münaqişəyə bu regionda öz maraqlarının təmini üsulu kimi baxıb və birmənalı şəkildə münaqişənin dondurularaq davamlılığında, istənilən vaxt yenidən alovlandırılmasında maraqlı olublar:

"Lakin Azərbaycanın cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığında Vətən müharibəsi və antiterror tədbirlərində böyük qələbəsi ilə münaqişəyə son qoyulması və yeni münaqişənin alovlandırılması üçün heç bir rıçağın mövcudluğuna imkan verilməməsi regionda dayanıqlı sülh və əməkdaşlıq mühiti üçün tarixi situasiya formalaşdırıb. Əvvəlki dövrdə işğal və təcavüz faktorunun, o cümlədən Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində mövcud olan separatizm ocağından rıçaq kimi istifadə edən güclər bu alətlərdən məhrum olduqdan sonra diqqəti daha çox Ermənistana yönəldib, bu ölkənin revanşist kəsimi, habelə kilsə və Rusiyanın və Fransanın birbaşa nəzarətində olan ayrı-ayrı siyasi kəsimlərdən geosiyasi sabitliyi pozmaq üçün alət qismində istifadə etməyə başlayıblar.

İndiki halda həmin qüvvələr daha çox Ermənistanın cari rəhbərliyi üzərində təzyiq mühiti formalaşdırmağa çalışaraq yaranan yeni geosiyasi situasiyanı, xüsusən Vaşinqtonda əldə olunan razılıqları pozmağa, bölgədə qarşılıqlı etimad mühitinin yaranmasına mane olmağa və beləliklə də aidiyyəti tezisləri aldıqları ölkənin maraqlarının təmin olunması üçün "münbit şəraitin" yaranması istiqamətində səylər göstərirlər. Ermənistan Baş naziri Paşinyanın Vaşinqton razılaşmalarını və bütövlükdə sülhü pozmağa cəhdlərin olmasına dair bəyanatı da məhz bu reallığa əsaslanır".

Deputat qeyd etdi ki, proseslər Ermənistan daxilində müxətlif istiqamətlərdə cərəyan edə bilər:

"Lakin dəyişməyən bir reallıq var ki, sülh üçün tarixi şansa çevrilmiş cari konfiqurasiyanın müəllifi Azərbaycandır və Ermənistanda hər hansı bir qüvvə, o cümlədən həmin qüvvələrin arxasında dayanan dairələr heç bir formada Azərbaycanın yaratdığı və diqtə etdiyi situasiyanı dəyişə bilməz".

Nuriyyə NATİQQIZI

Seçilən
22
1
redaktor.az

2Mənbələr