Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Nepalda hökumət rəsmiləri və siyasətçilər ailə üzvləri ilə birlikdə hərbi helikopterlərdən endirilmiş kəndirlərdən yapışaraq təxliyə ediliblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb.
Nəşr iğtişaş günlərində çəkilmiş videogörüntüləri paylaşıb. Görüntülərdə bir neçə nəfərin havaya qalxmaq üzrə olan hərbi helikopterin kabinəsinə girmək üçün kəndirlərdən tutaraq həyatını riskə atdığı görünür. Təxliyəni minlərlə etirazçı izləyib və qışqıraraq narazılığını ifadə edib.
Nəşr videoda hansı nazirlərin və siyasətçilərin olduğunu dəqiqləşdirmir.
Xatırladaq ki, sentyabrın 8-də Katmanduda parlament binası yaxınlığında "Z nəslinin inqilabı" adlı etiraz aksiyası keçirilib.
Etirazlar paytaxtda və ölkənin ən azı yeddi böyük şəhərində baş tutub. Etirazçılar hökumətin sentyabrın 4-də Nepalın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmiş mesencer və sosial şəbəkələrin, o cümlədən "WhatsApp", "Facebook" və "Instagram"ın fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı elan etdiyi qərara etiraz ediblər. Polislə toqquşmalarda ölənlərin sayı 22-yə çatıb, 500-dən çox insan yaralanıb. Nepalın bir sıra siyasətçiləri, o cümlədən daxili işlər naziri Rameş Lehak və Baş nazir Şarma Oli istefa veriblər.
Sentyabrın 9-da etirazçılar ölkənin onların nəzarətinə keçdiyini bəyan edərək, yeni hökumətin formalaşdırılmasına və seçkilərin keçirilməsinə çağırıblar. Nepalda etirazçılar Katmandu meri Balendra Şahın baş nazir səlahiyyətlərinin icraçısı təyin olunmasını tələb ediblər.
Hökumət əleyhinə aksiyaların iştirakçıları baş nazirin, ölkə Prezidenti Ram Çandra Paudelin və bir neçə başqa siyasətçinin Balkot şəhərində şəxsi iqamətgahlarını yandırıblar. Etirazçılar, həmçinin parlament binasını və Nepalın əsas inzibati kompleksini, ölkə hökumətinin və bir çox nazirliklərin yerləşdiyi Sinqha Durbar Sarayını ələ keçirərək yandırıblar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.