AZ

Saxta endirimlər və manipulyasiya: Rəsmi inflyasiya niyə reallığı əks etdirmir?

 
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 5,6% təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara  isə 40,4 milyard manatlıq mal və məhsul satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% artımı göstərir. Dövriyyənin 22,2 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18,2 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Statistikaya görə, əhalinin hər bir üzvü orta hesabla ayda 493,6 manatlıq alış edib ki, bunun 271,4 manatı ərzaq və içki məhsullarına, 222,2 manatı isə qeyri-ərzaq mallarına sərf olunub.
 
İqtisadçı ekspert Rauf Qarayev Moderator.az-a açıqlamasında bildirib ki, süni qiymət artımları statistik göstəricilərə birbaşa təsir göstərir:
 
“Rəsmi inflyasiya, məsələn, 6–7% göstərilsə də, real qiymət artımı daha yüksək ola bilər. Çünki bazarda qiymət manipulyasiyaları mövcuddur. Nəticədə maaş artımı bazara real təsir göstərmir, alıcı isə əvvəlki dövrdə aldığı məhsulu indi daha baha qiymətə almaq məcburiyyətində qalır və onun alıcılıq qabiliyyəti azalır.
 
Bir çox mağazada “endirimli” qiymətlər reallığı əks etdirmir. Satıcılar əvvəlcə köhnə qiymətləri süni şəkildə yüksəldir, sonra isə “endirim” elan edərək alıcını cəlb etməyə çalışırlar. Bu zaman istehlakçı gözlədiyi güzəşti almır, əksinə, bəzən qiymətlər endirim adı altında daha da artırılır.
 
Xüsusilə qiymət etiketləri alıcıların çaşqınlığına səbəb olur. Etiketlərdə köhnə və yeni qiymət göstərilsə də, çox vaxt bu, real endirimi əks etdirmir. Marketlərdə sarı, yaşıl və ya göy rənglərlə təqdim olunan endirim işarələri alıcının diqqətini çəkmək məqsədi daşıyır, lakin işçilərin düzgün izah etməməsi nəticəsində vətəndaşlar yanlış məlumat alır. Əgər etiketlərdəki köhnə qiymət doğrudan da əvvəlki satış məbləğini, yeni qiymət isə real endirimi göstərsə, müştərinin etimadı qorunar. Təəssüf ki, əksər hallarda bu baş vermir və köhnə ilə yeni qiymət arasında fərq yaranmır.
 
R.Qarayev bildirib ki, eyni vəziyyət marketlər şəbəkələrində və elektron platformalarda da müşahidə olunur:
 
“Dəfələrlə rastlaşmışam ki, elan edilən 70 faiz endirim əslində reallığı əks etdirmir. Təhlil göstərir ki, endirimdən əvvəlki qiymətlə “endirimli” qiymət arasındakı fərq əslində 70 deyil, cəmi 5–9 faiz olur. Hətta elə hallar var ki, endirim bitdikdən sonra qiymətlər əvvəlkindən daha yüksək qalır. Bu isə onu göstərir ki, rəsmi 6–7 faiz inflyasiya rəqəmlərinə baxmayaraq, bazarda real qiymət artımı 20 faizə yaxınlaşır. Mərkəzi Bankın tədbirlərində də vurğulanır ki, daxildəki qiymət manipulyasiyalarının yükü birbaşa vətəndaşın üzərinə düşür. Minlərlə məhsulu eyni anda araşdırmaq mümkün olmasa da, aparılan təhlillər rəsmi rəqəmlərin gerçəkliyi tam əks etdirmədiyini və süni qiymət artımının əsas amil olduğunu göstərir”.
 
Ekspert vurğulayır ki, əslində endirimlər reallığı əks etdirmir:
 
“Əgər bu məsələlərlə ciddi məşğul olunsa, o zaman maaş artımının real təsirini dərhal görmək mümkün olar. Çünki maaş artsa belə, qiymətlər paralel şəkildə qalxdığı üçün vətəndaş əvvəl aldığı məhsulu indi daha baha qiymətə alır. Bu isə birbaşa olaraq alıcının cibinə təsir göstərir, real gəliri azaldır və nəticədə əmək haqqı artımının faydasını sıfıra endirir”
 
Mehin Mehmanqızı
Seçilən
8
1
moderator.az

2Mənbələr