BAKI, TurkicWorld, Fərid Mikayılov
İran Prezidenti Məsud Pezeşkian ölkənin neft gəlirlərindən asılılığını azaltmasının vacibliyini vurğulayıb və daxili istedadların, sənaye və istehsal potensialının daha fəal şəkildə iqtisadiyyata cəlb olunmasının zəruriliyini bildirib.
TurkicWorld xəbər verir ki, o bu fikirləri cümə axşamı Ərdəbil vilayətinə etdiyi bir günlük səfər çərçivəsində yerli iş adamları və iqtisadi dairələrlə görüşündə səsləndirib.
“Əgər özümüzə inanıb imkanlarımızı düzgün dəyərləndirsək, ölkəmizdə böyük işlər görə bilərik” – deyə Pezeşkian qeyd edib.
Dövlət başçısı bildirib ki, İranın iqtisadiyyatı yalnız neft satışına söykənməməlidir. O, təbii sərvətlərdən məhrum olan, lakin güclü iqtisadi inkişaf əldə etmiş ölkələrin təcrübəsini nümunə göstərib.
“Bəzi ölkələrdə nə neft var, nə də qaz, hətta idxal etməyə məcburdurlar, amma güclü şəkildə dayanırlar. Bizim isə innovativ düşüncəmiz, sənaye potensialımız var. Niyə neftsiz dayanmağa çətinlik çəkək?”- deyə o bildirib.
Pezeşkian hökumətin istehsalçılar və sahibkarlarla əməkdaşlığa hazır olduğunu, dövlət dəstəyinin ən çox tələb olunduğu sahələrin müəyyən edilməsini istədiyini vurğulayıb.
“Bizim vəzifəmiz yolu təmizləməkdir ki, siz inamla irəliləyə biləsiniz. Lakin gözləntilər də ölkənin real imkanları çərçivəsində olmalıdır”- deyə o qeyd edib.