AZ

“Maraqları toqquşan güclərə əməkdaşlıqdan başqa çarə yoxdur” - Sahib Alıyev

Yazını böyüt
Yazını kiçilt

“Əslində, qlobal xarakter daşıyan, yeni dünya düzəninə hədəflənən toqquşmaların daha da kəskinləşdiyi və artıq həm də nəticəyönümlü addımların atılmağa başlanıldığı bir dönəmdəyik”.

Bunu hafta.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Onun fikrincə, belə bir vaxtda Azərbaycanla Ermənistanın sülhlə bağlı həlledici razılığa gəlmələri, olayın Vaşinqtonda baş verməsini təkcə iki ölkənin yox, bütövlükdə regionun, burada yaşayan bütün xalqların maraqları baxımından son dərəcə mühüm addım olaraq dəyərləndirmək lazımdır:

“Bu, əslində yeni dünya arxitekturasında Güney Qafqazın subyekt olaraq yerinin bir növ müəyyənləşməsindən və Ermənistan ona verilən tarixi fürsəti düzgün qiymətləndirsə, o ölkənin də Suriyalaşmaq, kimlərinsə əlində plasdarma çevrilmək təhlükəsindən birdəfəlik qurtulacağından xəbər verir. Yəni burda maraqları toqquşan güclərə əməkdaşlıqdan başqa ayrı yol buraxılmır və görünür ki, belə də olacaq.

Diqqət edin: Vaşinqton danışıqlarından, haradasa, 3 həftə sonra Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri ŞƏT-in Çindəki Zirvəsinə qatılaraq orada da sülhlə bağlı nikbin fikirlər səsləndirdilər. Hər iki ölkənin birinci xanımlarının birgə şəkil çəkdirib paylaşmaları isə fikrimcə, təkcə dövlətlər yox, cəmiyyətlər arasında da barışa çağırış idi. Maraqlıdır deyilmi, ABŞ-də start verilən proses Çində bir az da irəli aparılır. Prezident İlham Əliyevlə Çin liderinin görüşündə Si Cinpinin Azərbaycanla Ermənistan arasındakı birbaşa dialoqu və dövlətimizin yeritdiyi suveren siyasəti dəstəklədiyini bildirməsi, orada Trans-Xəzər marşrutunun ölkəsi üçün önəmliliyinin vurğulanması isə rəsmi Pekinin Vaşinqtonda baş verənlərə ikitərəfli format çərçivəsində aparılan danışıqların nəticəsi olaraq yanaşdığını göstərir. Bu, Prezidentimizin “əl-Ərəbiyyə” telekanalında dediyi “Avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd dövlətlərarası əlaqələrin necə qurulmalı olduğu haqda Azərbaycanın baxışına əsaslanır” fikri ilə Çinin sədrinin də razılaşdığını göstərir.

Ermənistandakı revanşist kəsim Vaşinqton razılaşmasını növbəti kapituliyasiya aktı kimi dəyərləndirir ki, onların burunlarından uzağı görmədiklərini bilmələri üçün ABŞ-nin keçmiş dövlət katibi Blinkenin köməkçisi Ceyms o’Braynın Beynəlxalq Əlaqələr üzrə Avropa Şurası təhlil mərkəzində yayılan bir məqaləsini oxumaları bəs edir. Vaşinqton görüşündə ilk növbədə Azərbaycanın istəklərinin təmin olunduğundan narazılığını gizlətməyən bu “Vaşinqton bataqlığı” təmsilçisi İranla Rusiyanın danışıqlar prosesində yer almamalarını da düzgün saymadığını yazır və dolayısıyla etiraf edir ki, ölkəsi də adı çəkilən iki dövlət kimi Azərbaycanla Ermənistan arasında sülhdə maraqlı olmayıb. Burada mən ABŞ-ni Minsk qrupunda təmsil edən Riçard Hoqlandın həmsədrlər haqda dediklərini yada salmaq istəyirəm. O bildirirdi ki, bir dəfə Rusiyanın Minsk qrupundakı təmsilçisi İqor Popovdan “Azərbaycanla Ermənistan “Lavrov planı”yla razılaşalar, onda Moskva nə edəcək”, - deyə soruşanda cavab vermişdiki, “Biz sülhə imkan verməyəcəyik”, – deyib. Rusiya, hətta özünün belə hazırladığı sözdə sülh planının qəbulunda maraqlı deyilmiş. Və o’Braynın məqaləsi göstərir ki, Popovun Hoqlanda etirafı heç də bahalı içkinin təsirindən doğmayıb. O, “Vaşinqton bataqlığı”ndakıların da ölkəsi kimi regionda sülhdənsə konfliktin qalmasına və idarə edilməsinə üstünlük verdiyini bildiyindən Hoqlandla açıq danışırmış.

Buradan da görünür ki, Prezident Tramp cənab İlham Əliyevi “böyük lider” adlandırarkən nə qədər haqlıdır. “Böyük lider” sözü gedən dövlətlərin və daha bir neçəsinin qarşı çıxmalarına, Ermənistana hərtərəfli dəstək vermələrinə rəğmən öz torpaqlarını işğaldan qurtara, onlardan ən təhlükəlisinin ordusunun ayağı dəydiyi yerdə əbədi qalması haqda mifi Qarabağdakı hərbi kontingentlərini oradan çıxarmaqla darmadağın edə, bunlardan da ötəsi, savaşı olduğu kimi sülhü də uda bilərdi.

Sizcə, bu baş verənlər Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə etdiklərinin, yəni maraqları heç də üst-üstə düşməyən böyük dövlətləri “Əsrin müqaviləsi”ndə bir araya gətirməsinin daha heyrətdoğuran şəkildə təkrarlanması deyilmi…”.

Deputat vurğulayıb ki, Vaşinqton razılaşması bütövlükdə regionun subyektliyinin təmininə yönəlik mühüm addım və Ermənistanın da müstəqil dövlət kimi çıxış etməsi, 300 ildir ki, onlardan geosiyasi alət olaraq faydalananların caynağından qurtulmaları üçün yaradılmış şansdır:

“Onlar bu şansı düzgün dəyərləndirməli, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdar olmalı, hətta heykəl ucaltmalıdırlar”.

Seçilən
51
hafta.az

1Mənbələr