AZ

Ay matanı, matanı, matanı ... KÖŞƏ

Müasir dünyanın yenilikləri, informasiya texnologiyaları çox şeyin zibilini çıxarıb. Çox insanın ağlını başından etməklə yanaşı, qohumluq əlaqələrinin, ailəvi dostluq və qonşuluq münasibətlərinin sıradan çıxmasına da ciddi təsir edib. Yəni əvvəllər qohumlar, ailəvi dostlar hal-əhval tutmaq üçün bir-birinin evinə gedib, gəlirdilər, indi isə telefonla danışmaqla stol bəzəmək və bununla da qarşı tərəfə "maddi ziyan" vurmaq məsələsindən azad ediblər.

Tarixən mövcud olan bayramlarda biri-birinin evinə xonça aparmaq, ev bəzəmək, süfrə açmaq ənənəsi də cılızlaşıb. İndiki texnologiya əsrində hər kəs dostuna, qohum- qardaşına, tanışına Qurban bayramında bayram sovqatını qoç şəkili, Novruz bayramında isə səməni şəkli göndərməklə işini bitmiş hesab edir. Elə vəziyyət yaranıb ki, təbriki yazı formasında yazmağa da ərinirlər. Sadəc, kiminsə ona göndərdiyi qoç və ya səməni şəkilini ünvana yönəltməklə xəcalət tərini alnından silmiş olur.

Yeni texnologiyanın ən vahiməlisi süni intellekt deyilən zadın meydana gəlməsidir. Bu insanın canına vəlvələ sala biləcək texnologiya o dərəcədə əndərəbadidir ki, artıq hər şeydən və hər kəsdən şübhələnirsən. Ciddi hesab olunan videoya baxanda düşünürsən ki, bu videonu hansısa videobloger süni intellektlə quraşdırıb. O gün bir nəfər tanıdığım şəxs and içib aman etdi ki, yaxın əzizinin səsi ilə ona zəng edib, evə gəlməsini, daha sonra isə onun kartına pul atmasını istəyib. Sadəlövh tanışım da zəng edən şəxsin göndərdiyi kartına pulu göndərib. Qaça -qovla evinə gələndə, hər kəs şübhəli nəzərlə ona baxıb, - işdə nəsə olub, nə tez gəldin-deyə sorğu-sual ediblər. Biçarə tanışım da üzləşdiyi telefon danışığı barədə məlumat verəndə, oğlunun bunu süni intellektlə edildiyini bildirib. Deyir ki, aldandığını və dələduzların qurbanı olduğunu anladıqdan sonra, kömək üçün çox yerə, çox şəxsə müraciət etsə də, nəticəsi olmayıb. Açığı tanışımın başına gələn hadisədən sonra sosial şəbəkələrdə yayılan videoların, mənə olunan zənglərin, vatçap üzərindən yazılan sözlərin həqiqliyinə şübhə ilə yanaşmağa başlamışam. O gün də sosial şəbəkədə qarşıma bir ağlı - başı yerində, danışığı və duruşu normal görünən şou əhlinin bir mütrübünün müxləf hoqqalar çıxarmaqla "ay matanı, matanı, matanı" oxuyub, rəqs etməsi videosu çıxdı. Diqqətlə baxanda, tanıdım, - özüdür ki var, bu Nigar Camaldır, 2011-ci ildə ifa etdiyi "Running Scared" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur-deyə söyləndim. Ancaq açıq-saçıq, əndərəbadi görünüşü mən də şübhələr yaratdı. Düşündüm ki, yəqin kimsə bu hoqqa verən şou əhlinin tanınmış mütrübü ilə məzələnir. Yəni zarafatcıl dostlarından biri süni intellektin imkanlarından istifadə etməklə məsləkdaşını ələ salır. Lakin bu dəfə səhvə yol verdiyim üzə çıxdı. Məlum oldu ki, "Ay matanı, matanı, matanı" deyib rəqs edən xanım əslində özüdür ki, var- Nigar Camaldır. Həqiqətdə bu xanım hansı xalqa məxsus olduğu bilinməyən musiqinin sədaları altında oxuyur, rəqs edir və ətrafındakı mütrüblər də onu cuşa gətirmək üçün şıdırğı əl çalırlar. Əhsən olsun belə məxluqlara, eşq olsun belə zümrəyə, "molodes", "bravo" və digər təriflər. Lakin bir şey anlaşılan deyil. Görən bu məxluqlar nə yeyirlər, nə içirlər ki, cəmiyyətin min illərdir ki, mövcud olan və bu gün də öz tarixi dəyərini qoruyub, saxlayan adət-ənənəsinə qarşı hörmətsizlik nümayiş etdirirlər? Yəni bu mütrüb ordusu anlamır ki, televiziya qarşısında ağbirçək analar, ağsaqqal kişilər də onları izləyə bilər. Və ya sosial şəbəkələrdə yeniyetmə gənclər, uşaqlarda onlara baxa bilər. Axı onları qınayırlar, söyürlər, lağa qoyurlar. "Ay matanı, matanı, matanı" musiqisinin sədaları altında hoqqa vermək elitar təbəqənin ali nümayəndəsi olmaq demək deyil. Hərəkətinlə, çırıq paltarınla, sözlərinlə bir yığın məxluqa xoş gələ bilərsən ki, onlarında kimliyi və nə işlə məşğul olduqları Azərbaycan ictimaiyyətinə bəllidir. Ümumiyyətlə bu şou əhlinin əndərəbadi ünsürlərinin demək olar ki, böyük əksəriyyəti yararsızdır. Necə deyərlər hamısı bir bezin qıraqlarıdırlar. "Biri beşə, beşi isə heçə dəyməyənlər"dir.

Məndən bu qədər, məsləhətim isə ondan ibarətdir ki, özünüzə hörmət edin, özünüzə dəyər vermirsinizsə, cəhənnəmə heç olmasa Azərbaycan xalqının maraqlarını, adət -ənənələrini düşünün. Ən azı dünyaşöhrətli Alim Qasımovdan, özlərinə Azərbaycan xalqının qəlbində, ürəklərində böyük rəğbət qazandıran Zabit Nəbizadədən, Mələkxanım Əyyubovadan, Elnarə Abdullayevadan, Ağakərim Natiqdən, Zeynal Əhmədovdan, Abgül Mirzəliyevdən, Naspəri Dostəliyevadan, Mirələm Mirələmovdan, Ağakərim Natiqdən və digər ədəb və ərkanları, özlərini ictimai maraqlara uyğun aparan sənətkarlardan dərs alın, öyrənin. Nəzərə almaq lazımdır ki, öyrənmək, heç zaman gec deyil.

İLHAM ƏLİYEV

Seçilən
3
1
sia.az

2Mənbələr