AZ

Simonyan: Azərbaycan üçün hər hansı gələcək təhlükənin qarşısını almaq vacibdir

“Azərbaycanlıların öz yaraları var. Mən düzgün olub-olmamasını demirəm, amma Azərbaycanda hesab edirlər ki, Ermənistan 30 il ərzində onların ölkəsinin 20 faizini işğal altında saxlayıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikirləri 11 sentyabrda jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan səsləndirib.

O qeyd edib: “Aydındır ki, Azərbaycan üçün hər hansı gələcək təhlükənin qarşısını almaq vacibdir və buna, məsələn, 50 və ya 100 ildən sonra belə imkan verməmək istəyirlər… Hər şey ola bilər”.

Onun sözlərinə görə, ermənilərin əksəriyyəti azərbaycanlı sərhədçiləri görmək istəmir. “Bu da pisdir, amma zamanla keçəcək. Həmin ermənilər və azərbaycanlılar Moskvada biznes qurur, dostluq edirlər. Digər ölkələrdə də eyni vəziyyətdir. Gərginlik var, yaralar təzədir. Axı biz də insan öldürmüşük, azərbaycanlı tərəfdən də ölənlər olub. Etimadın bərpa olunması dövründə ünsiyyəti minimuma endirmək lazımdır. Bu, o demək deyil ki, 5–10 ildən sonra belə bir zərurət olacaq”, – deyə Simonyan əlavə edib.

O bildirib ki, Ermənistan üçün kommunikasiyaların mümkün qədər tez açılması önəmlidir və “bu emosional məsələlər də sürətlə həll olunacaq”. Spiker vurğulayıb ki, çox qısa zamanda ermənilər və azərbaycanlılar ticarət edəcəklər. “Bizim azərbaycanlı-erməni məhsullar bazarımız olacaq. Mağazalarımızda Azərbaycan malları, Bakıda və digər şəhərlərdə isə Ermənistan malları satılacaq. Bu qaçılmazdır. Ermənilər gedib Azərbaycan benzinini alacaqlar, çünki sərfəlidir”, – o qeyd edib.

“Tramp marşrutu” məsələsinə gəlincə, Alen Simonyan “Zvartnos” hava limanının idarəçiliyini həyata keçirən Argentina şirkətinin modelini misal gətirib. “Abstrakt şəkildə desək, energetika infrastrukturunun tikintisini erməni şirkəti, dəmir yolunun inşasını isə başqa bir şirkət həyata keçirə bilər. Bu məsələləri birgə erməni–amerikan təşkilatı həll edəcək”, – deyə əlavə edib.

Parlamentin sədri əmin edib ki, bütün işlər beş məlum prinsip əsasında həyata keçiriləcək və bu prinsiplərdən kənara çıxılmayacaq. “Şərti olaraq desək, elə ola bilməz ki, Ermənistana gətirilən bombadan xəbərimiz olmasın və o, yolda partlasın. Ermənistan ölkədən keçən yüklərin nədən ibarət olduğunu biləcək. Bu texniki məsələdir, indi skanerlər və digər texniki vasitələr var”, – Simonyan yekunlaşdırıb.

Musavat.com

 

Seçilən
30
1
musavat.com

2Mənbələr