AZ

Şeir və əmək bazarı

İlk şeirlərin meydana çıxması heç də bizim indi başa düşdüyümüz kontekstdə ədəbiyyat məsələsi deyildi. Ən qədim insanlar öz düşüncələrini, xüsusən ayinlərini axıcı bir dildə ifadə edirdilər ki, yazının olmadığı və ya geniş yayılmadığı bir dövrdə nəsildən-nəsilə ötürülsün. Axıcı dildə, qafiyələnən sözlərdən ibarət şifahi mətnləri əzbərləmək və əzbərlətmək asan olurdu deyə şeir əslində biliklərin ötürülmə mexanizmi kimi meydana çıxmışdı.

Daha sonralar şeir ədəbi mətnlərin ayrılmaz hissəsi oldu və tədricən bədii-estetik funksiya daşımağa başladı. İnsanlar öz düşüncəsini yaddaqalan, gözəl, təsirli və düşündürücü formada ifadə etməyə üstünlük verdi. Bu, həm fərdi yaradıcılığın, həm də kollektiv zövqün formalaşmasına gətirib çıxardı. Şeir vasitəsilə insanlar ayinlər və hadisələrlə yanaşı, sevgi, qəhrəmanlıq, itki, ümid kimi dərin emosional təcrübələrini paylaşmağa başladılar.

Son nəticədə şeir tərbiyəvi və sosial funksiya daşıyan vasitəyə çevrildi. Məsələn, dastanlar və qəhrəmanlıq şeirləri gənc nəsillərə cəsarət, vətənpərvərlik, mənəvi dəyərlər aşılayırdı. Amma şeir və bütövlükdə ədəbiyyat daha geniş sosial məzmuna malikdir. İnsan sırf konkret tapşırıqları icra edən robot deyil. Onun yaddaşı, etik və estetik dünyası, zövqü və emosional aləmi, cəmiyyətin mədəni kodlarına dərin bağlılığı olmalıdır.

Respublikamızın "Təhsil haqqında" qanununda deyilir ki, ölkəmizdə təhsilin məqsədi:

- Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən,
- xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən,
- vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;

Azərbaycan dövləti qarşısında məsuliyyət duyan, xalqın milli ənənələrinə və bəşəri dəyərlərə bağlı olan, vətənpərvər və azərbaycançı, müstəqil və yaradıcı düşünən şəxsiyyəti bizim təhsil sistemi necə formalaşdıra bilər?

Bu məqsədə çatmaq üçün alətlərindən biri də məhz şeir, daha geniş götürsək, ədəbiyyatdır.

Şeir əzbərləmək ancaq primitiv baxışla əmək bazarından tamamilə ayrı görünə bilər. Əslində dolayı yolla həmin bazara hazırlığın bir hissəsidir.

Sual edirəm: əmək bazarında ünsiyyət bacarığı, məntiqi ardıcıllıq, intellekt və yaradıcı təfəkkür lazım deyil?

Şeir əzbərləmək bu bacarıqları uşaqlıqdan inkişaf etdirir.

Ölkəmizin Elm və Təhsil Naziri “oxuyub-anlama”dan danışır tez-tez. Bu bacarıq mühakiməyə və yaddaşa əsaslanmır?

Əmək bazarında yaddaş və informasiyanın sürətli mənimsəmə bacarığı lazım deyil?

Şeirlərin əzbərlənməsi şagirdin "qısa" və "uzun" yaddaşını məşq etdirir, diqqətini möhkəmləndirir, mətnin məntiqi quruluşunu və ritmini dərk etməyi öyrədir. Bu bacarıqlar sonradan həm oxuyub-anlama, həm də analitik düşünmə qabiliyyətini gücləndirir.

Seçilən
29
aznews.az

1Mənbələr