AZ

Pezeşkian Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək istəyir – Xamneidən də dəstək alıb

İran Prezidenti Məsud Pezeşkian Ərdəbil vilayətində investorlar və sahibkarlarla görüşdə Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsi barədə mühüm açıqlama verib.

Musavat.com xəbər verir ki, Pezeşkian çıxışında Ərdəbilin coğrafi mövqeyinin böyük üstünlüklər yaratdığını bildirib:

“Ərdəbil Azərbaycanla sərhəddə yerləşir və böyük potensiala malikdir. Əgər Ərdəbilin inkişafına fərqli yanaşsaq, bir çox iqtisadi problemləri həll etmək mümkün olar. Böyük imkanlara malik bu bölgədə yeni strategiya vasitəsilə iqtisadiyyatı inkişaf etdirmək olar”, – deyə dövlət başçısı vurğulayıb.

Pezeşkianın bu çağırışı həm bölgə iqtisadiyyatının canlanması, həm də Azərbaycanla qarşılıqlı əməkdaşlığın güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, İranın Ali Ruhani Lideri Ayətullah Əli Xamenei də ötən günlərdə prezidentə açıq dəstəyini ifadə edib. O, müharibə günlərində və sonrakı zamanlarda aparılan siyasətə görə Pezeşkiana təşəkkür edib. Prezident seçilən zaman isə Xamenei Pezeşkianı “ağıllı, dürüst və məşhur şəxsiyyət” kimi qiymətləndirib və onun uğurlarının İran xalqı üçün mühüm rol oynayacağını bəyan etmişdi.

Beləliklə, həm daxili, həm də regional səviyyədə iqtisadi dirçəlişə yönəlmiş siyasətini irəli aparmaq üçün Pezeşkian yalnız siyasi nüfuzuna deyil, həm də ali rəhbərliyin dəstəyinə arxalanır. Bu isə onun rəhbərliyini İran üçün yeni imkanların başlanğıcı kimi təqdim edir.

Musavat.com

Seçilən
60
musavat.com

1Mənbələr