"Perseverance"in aşkar etdiyi qayalar Yer üzündəki mikrob fəaliyyəti nümunələrinə bənzəyir...
Poliqon xəbər verir ki, "NASA"nın Marsda hərəkət edən "Perseverance" adlı kosmik aparatı Yezero kraterində vaxtilə mövcud olmuş qədim çayın quru yatağında həyat izləri ehtimal edilən daşlar aşkarlayıb.
Alimlər 3,7 milyard il əvvəl su axınının olduğu bu qaya nümunələrində fosfat və dəmir-sulfidlərlə zəngin mikrostrukturlar aşkar ediblər. Bu maddələr Yer üzündə mikroorqanizmlərin üzvi materialları parçalaması nəticəsində əmələ gəlir.
"Bu, bioloji bir şey tərəfindən yaradıldığı təqdirdə görəcəyimiz nümunəyə bənzəyir", deyə "NASA"nın elm direktoru Nikki Foks bildirib.
"NASA" bunun hələ həyatın sübutu olmadığını, sadəcə daha çox araşdırma tələb edən potensial namizəd olduğunu vurğulayır. Geoloq Co Hartvs, "Söyləyə biləcəyimiz tək şey budur ki, mümkün səbəblərdən biri mikrob həyatı ola bilər, lakin bu əlamətləri yaradan başqa proseslər də mövcud ola bilər", deyə açıqlayıb.
Odur ki, daşların yerüstü laboratoriyalarda hərtərəfli təhlili həlledici olacaq. "Perseverance" indiyədək 30 nümunə toplayıb və daha altı nümunə götürməyi planlaşdırır. Texnikanın sıradan çıxacağı halda isə bir hissəsi ehtiyatda saxlanılıb.
"Perseverance" 2021-ci ildən Marsda hərəkət edir. O, həyatın mövcudluğunu birbaşa sübut edə bilmir, lakin ən perspektivli yerlərdən materiallar toplayır. Nümunələrin Yerə qaytarılması əvvəlcə 2030-cu illərin əvvəlinə planlaşdırılsa da, missiyanın yüksək dəyəri (11 milyard dollar) səbəbindən 2040-cı illərə təxirə salınıb.
"Bu, indiyə qədər gördüyümüz qədim həyat izlərinə ən inandırıcı namizəddir. Əgər bu əlamətlərin həqiqətən başqa planetdəki canlı bir şeydən qaynaqlandığını sübut edə bilsək, bu, inanılmaz olardı. Amma olmasa belə, təbiətin bizi necə aldada bilməsi haqqında çox dəyərli bir dərs olacaq", deyə Hartvs fikrini yekunlaşdırıb.
Poliqon.info