AZ

Hamının gözü qarşısında güllələnən siyasətçi kimdir?

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Məlum olduğu kimi, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib. Snayperlə boynundan güllələnən Kirk xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Polis atəş açan şəxsi hələ saxlaya bilməsə də, şübhəli şəxslər arasında Demokratlar Partiyasının Yuta ştatı üzrə nümayəndəsi Maykl Mallinsonun adı hallanır.

“Qafqazinfo” xəbər verir ki, insidentdən sonra hazırda dünya ictimaiyyətini 32 yaşlı Çarli Kirkin kim olması və hansı işlərlə məşğul olması maraqlandırır.

Amerikalı siyasətçi və yazıçı Çarlz Ceyms Kirk 1993-cü ildə İllinoys ştatının Arlinqton-Hayts bölgəsində anadan olub. Onun siyasi karyerası hələ məktəbdə təhsil alarkən başlayıb.

Belə ki, Ceyms yuxarı siniflərdə təhsil alarkən özü ilə eyni soyadı daşıyan senator Mark Kirkin seçkiqabağı kampaniyasında işləməyə başlayıb. Elə həmin dövrdən məktəb yeməkxanalarında qiymətlərin artmasına etiraz edən aktivist olaraq məşhurlaşıb.

Bir müddət Harper kollecində təhsil alan Kirk təhsilini siyasətlə məşğul olmaq üçün yarıda qoyub. Ona əsl populyarlığı isə 2012-ci ildə əsasını qoyduğu “Turning Point USA” (TPUSA) konservativ tələbə təşkilatı qazandırıb.

2016-cı ildə isə 22 yaşlı Kirk “TPUSA” adından Respublikaçılar Partiyasının qurultayında çıxış edib. Məhz həmin qurultayda Donald Tramp ilk dəfə prezidentliyə namizəd olaraq göstərilmişdi.

İlk olaraq özünü Trampın fəal tərəfdarı adlandırmayan Kirk daha sonradan mövqeyini dəyişib və həmin il “Fox News” telekanalında Trampın oğlu Eriklə birgə çıxış edib. Tramp özü onu “möhtəşəm” və “xüsusi bacarıqlı” şəxs adlandırırdı.

Siyasi fəalın təşkilatı 2024-cü ildə bəzi ştatlarda Trampa dəstək məqsədilə aksiyalar da təşkil etmişdi. Bu zaman “TPUSA” üzvləri Respublikaçılar Partiyası daxilində Trampa sədaqətsizlikdə ittiham olunan bir neçə rəsminin işdən çıxarılmasına nail olmuşdu. 

“The New York Times”ın məlumatına görə isə, Kirk dəfələrlə Ağ Evdə olub və müşavirlərin siyahısına daxil edilib. Bildirilib ki, onun əsas tapşırığı Tramp administrasiyasında müxtəlif vəzifələrə namizədlərin loyallıq və siyasi cəhətdən etibarlı olub-olmamasını yoxlamaq idi.

O həmçinin Milli Siyasət Şurasının üzvü olub.

Onu da qeyd edək ki, 5 kitab müəllifi olan Kirk evli idi və iki övladı qalıb. Onun ölümü ilə bağlı D.Tramp bütün ölkədə matəm elan edib.

Günel İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
qafqazinfo.az

1Mənbələr