AZ

İsrailin "Mekorot" şirkəti Azərbaycanda özəl elektrik stansiyanın inşası imkanını nəzərdən keçirir - FOTO

Su ehtiyatları sferasında dünyanın aparıcı oyunçularından sayılan İsrailin "Mekorot" Milli Su Şirkəti Azərbaycanda özəl elektrik stansiya inşa etmək imkanını araşdırır.

Day.Az xəbər verir ki, bunu Trend-ə verdiyi özəl müsahibəsində "Mekorot" şirkətinin baş icraçı direktoru Amit Lanq deyib.

"Azərbaycanda əməliyyatların dayanıqlılığını təmin etmək üçün müstəqil elektrik stansiyası inşa etmək imkanını nəzərdən keçiririk. Su və enerji resursları arasında qarşılıqlı əlaqəni gücləndirmək bizim beynəlxalq strategiyamızın özəyini təşkil edir və Azərbaycanın enerji sahəsindəki ambisiyaları ölkəni bu sahədə təbii bir tərəfdaş edir", - deyə Lanq qeyd edib.

O, Azərbaycanın su ehtiyatlarının uzunmüddətli problemlərinin həllində əhəmiyyətli strateji baxış nümayiş etdirdiyini əlavə edib.

"Strateji mövqe, sərhədlərarası su konteksti və düşünülmüş milli strategiya ölkəni qonşu dövlətlər üçün nümunəyə çevirir. Biz hesab edirik ki, ətraf ölkələr bir millətin necə onilliklər öncədən düşünərək, gələcək su çağırışlarına hazırlıq görməsi və innovativ həlləri tətbiq etməsi baxımından Azərbaycandan nümunə götürəcək. Ölkənin su təhlükəsizliyini dəstəkləməkdən əlavə, biz Bakını Gürcüstan, Mərkəzi Asiya və digər regionları əhatə edən regional bilik mübadiləsi və əməkdaşlıq mərkəzi kimi görürük", - deyə "Mekorot"un baş icraçı direktoru əlavə edib.

A.Lanq qeyd edib ki, şirkət bir neçə layihədə Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinə dəstək olur.

"Biz Xəzər dənizi sahilində illik 100 milyon kubmetr həcmində duzdan təmizləmə zavodunun tikintisi üçün texniki məsləhətlər veririk. Bundan əlavə, 2024-cü ilin sonunda Azərbaycanda Milli Su Ehtiyatlarının Baş Planının hazırlanmasını tamamladıq və rayonlar üzrə yol xəritəsi və mərhələli icra proqramını təqdim etdik. Plan kənd təsərrüfatının ehtiyaclarını hövzə resursları ilə uyğunlaşdırmağa, məişət və sənaye suyunun təchizatı üçün risk yaratmadan ölkənin su ehtiyatlarının davamlı idarə edilməsini təmin etməyə yönəlib", - deyə o bildirib.

"Biz müasir SCADA sistemləri, ağıllı sayğaclar, rəqəmsal idarəetmə mərkəzləri, duzdan təmizləmə və tullantı sularının təkrar istifadəsi texnologiyalarını tətbiq etməyə hazırıq. Razılaşmalar imzalandıqdan sonra layihələrin icrasına hər bir layihənin həcmi və miqyasından asılı olaraq 8-20 ay ərzində başlana bilər", - deyə Lanq əlavə edib.

O vurğulayıb ki, Azərbaycan şirkətin qlobal inkişaf strategiyasında mərkəzi rol oynayır.

"Ölkə artıq bizimlə dövlət-özəl tərəfdaşlıq modeli əsasında duzdan təmizləmə üzrə iri layihələrdə və baş planlama proqramlarında əməkdaşlıq edir. Biz bunu uzunmüddətli tərəfdaşlığın başlanğıcı kimi qiymətləndiririk və duzdan təmizləmə, suvarma və rəqəmsal su şəbəkələri üzrə iri infrastruktur layihələrində iştirakı gözləyirik", - deyə "Mekorot"un baş icraçı direktoru bildirib.

Şirkətin digər beynəlxalq fəaliyyət nümunəsindən danışan A.Lanq Qazaxıstanı da misal çəkib. Burada "Mekorot" 2050-ci ilə qədər Almatı şəhərinin su təchizatı üzrə Baş planının hazırlanmasına rəhbərlik edir.

"Bu çoxmərhələli proqram şəhər su təchizatı, su anbarlarının qorunması və qeydə alınmamış su itkilərinin azaldılmasını əhatə edir. Əsas element SCADA, kibertəhlükəsizlik və enerji optimallaşdırması inteqrasiyası ilə şəhər idarəetmə və nəzarət mərkəzinin yaradılmasıdır. Proqramın birinci mərhələsində qeydə alınmamış su itkilərinin iki il ərzində 11% azaldılması mümkün olub - bu, xeyli maliyyə qənaəti və su təhlükəsizliyinin artırılmasını təmin edib. Bu göstərir ki, "Mekorot"un İsrail təcrübəsi etibarlı, məlumatlara əsaslanan su həlləri təmin etmək üçün Azərbaycandan Mərkəzi Asiyaya qədər - beynəlxalq səviyyədə genişlənə bilər", - deyə A.Lanq yekunlaşdırıb.

  • İsrailin
  • İsrailin
  • İsrailin
  • İsrailin
Seçilən
17
1
day.az

2Mənbələr