AZ

Zaur Mikayılov: "Azərbaycan ekstensiv kənd təsərrüfatından intensiv modelə keçir"

 Azərbaycanda su problemi həm bu günün, həm də gələcək nəsillərin mövcudluğunu müəyyən edən əsas məsələdir.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində təşkil olunan "Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər" adlı panel müzakirələrində deyib.

Onun sözlərinə görə, su insanların təmiz içməli suya əlçatanlığı və kənd təsərrüfatında ərzaq təhlükəsizliyi üçün həlledici rol oynayır:

"Dünyada su var, amma onu düzgün idarə etməliyik. Su ehtiyatlarının qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində dövlət qurumları arasında vahid siyasət formalaşdırılıb. Amma bu məsələ təkcə dövlət qurumlarının işi deyil. Beynəlxalq əməkdaşlıqla yanaşı, hər bir istehlakçı, fermer və vətəndaş məsuliyyətli yanaşmalıdır".

Z. Mikayılov qeyd edib ki, Azərbaycan ekstensiv kənd təsərrüfatından intensiv modelə keçid prosesindədir:

"Fermerlərə verilən dəstək indi bəlkə də dünyanın heç bir yerində yoxdur. İntensiv kənd təsərrüfatına keçid hər damcı suyun səmərəli istifadəsini tələb edir. Su yoxdur deyə deyil, sadəcə ondan maksimum səmərə əldə etməliyik. Əhali artır, qida tələbatı çoxalır, amma su ehtiyatlarımız azalır. Hazırda Azərbaycanın su ehtiyaclarının 70 %-i xaricdən qarşılanır".

Onun sözlərinə görə, transsərhəd əməkdaşlıq və beynəlxalq tərəfdaşlıq bu sahədə xüsusi əhəmiyyət kəsb edir:

"Qonşu ölkələrlə əməkdaşlığa nümunə olaraq Araz çayı üzərində 50 ildən artıqdır ki, mövcud olan anbarları göstərmək olar. Amma bu sadəcə regional deyil, qlobal məsələdir. Ona görə də elmin, beynəlxalq əməkdaşlığın və özəl tərəfdaşların iştirakı vacibdir. Belə konfranslar isə yeni ideyaların və yanaşmaların formalaşmasına xidmət edir".

Seçilən
19
1
missiya.az

2Mənbələr