Bakı, 11 sentyabr, AZƏRTAC
Su ehtiyatlarının idarə olunması artıq milli deyil, qlobal əhəmiyyət daşıyan məsələdir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda su resurslarının qorunması və səmərəli istifadəsi dövlət siyasətinin əsas prioritetlərindəndir.
“Ölkəmizdə keçirilən genişmiqyaslı islahatlar va layihələr məhz bu məqsədə xidmət edir. Lakin biz yaxşı bilirik ki, su qıtlığı və iqlim dəyişimləri kimi çağırışlar yalnız bir ölkənin imkanları ilə həll edilə bilməz. Ona görə də əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslər xüsusi önəm daşıyır. Bu konfrans məhz belə bir platformadır - burada müzakirə ediləcək ideyalar va irəli sürüləcək təkliflər gələcək addımlarımıza istiqamət verəcək. Biz inanırıq ki, burada aparılacaq dialoq nəticəsində yeni tərəfdaşlıqlar formalaşacaq, su idarəçiliyi sahəsində regional va qlobal səviyyədə daha səmərəli həll yolları ortaya çıxacaq”, - deyə ADSEA rəsmisi bildirib.