"Son hadisələr baş verməsəydi Nepalın hansı coğrafiyada olduğunu haqlı olaraq unutmuşduq. Nepal Cənubi Asiyada, iki nəhəngin, Çinlə Hindistanın sərhəddində yerləşir. Dünyanın ən nəhəng zirvəsi olan Everest bu ölkədədir. 2011-ci il hesablamalarına görə, əhalinin sayı 26.5 milyon nəfərə çatıb. Paytaxt Katmandu şəhəridir. Bu ölkədə baş verən təlatümləri izləyirik. Verilən məlumatlardan bəlli olur ki, bu fırtınaların başlıca səbəbi əhalinin ağır güzəranı, korrupsiya, sosial-iqtisadi problemlərdir". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: " Ümumiyyətlə, kütlənin gücünü heç vaxt hesablamaq olmur. Sıxılmış enerji qəflətən yaranmır. Bu illərlə yığılan hirsdir, qəzəbdir. Telekanallar vasitəsilə maraqlı kadrları izləyirik. Qəzəbli kütlə daxil olduğu villanı dağıtmaqla, yandırmaqla kifayətlənmir, hirsini həyətdəki ağaclara tökür, yaşıl örtüyü əzməklə, kötüyündən çıxarmaqla missiyasını davam etdirir.
Bu mənzərəni görəndə ərəb baharı zamanı Liviyada, Misirdə və başqa ölkələrdə baş vermiş çevrilişlər yadıma düşür. O vaxt kütlə sevincək həmin proseslərə qoşulmuşdu. Amma, lakin çevrilişlər, inqilablar o zavallı xalqlara xoşbəxtlik gətirmədi. Əksinə dövlət zəiflədi, əhali qırıldı, xaotik proseslər nəticəsində iqtisadi problemlər daha da artdı.
Deməli, vəziyyəti yaxşılaşdırmaq üçün inqilablar deyil, fundamental islahatlar lazımdır. Strateji sahə olan təhsilə münasibət hər zaman dəqiq, aydın və qüsursuz olmalıdır. Çünki təhsildə buraxılan strateji səhvlər fəlakətə yol açır".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31