Bəs Nepaldakı hadisələr nəyin göstəricisidir? Hər bir inqilabın bir "səbəbi" olur. Nepalda hakimiyyətin sosial şəbəkələrdən istifadəyə tətbiq etdiyi qadağa insanların küçələrə çıxması və Z nəslinin inqilab etməsi ilə nəticələndi. Ancaq mən kütlənin kor - koranə şəkildə bunu bacarmasına inanmıram. İstər ərəb baharında, istər rəngli inqilablarda kütlə məhz özünün hakimiyyəti dəyişməyə müyəssər olduğunu düşünsə də, əslində kütlə alətdir və özü də bilmədən qurban rolunu oynayıb.
Nepalda baş verənlərdə daxildə monarxiyanın bərpasını istəyən bəzi hərbi - siyasi qruplar maraqlı olsalar da, xarici iz haqqında da düşünməyə dəyər.
Son aylarda ciddi şəkildə Çin və Hindistanın uzun illərdən sonra yaxınlaşması hiss olunmaqdadır. Hətta, ŞƏT-in son konfransında hər iki ölkənin liderləri ilk dəfə olaraq publikada bir - biri ilə çox mehriban idilər. Həmin çıxışlardan cəmi bir neçə saat sonra Tramp Rusiya, Hindistan və Çin haqqında sosial şəbəkədəki səhifəsində paylaşım da etmişdi.
Hər bir halda, istər daxili, istərsə də xarici qüvvələrin bu kimi proseslərin arxasında olması şübhəsizdir. Deməli, belə anlarda hər bir fərd siyasi proseslərin obyekti yoxsa subyekti olmasını özü seçməlidir. Təbii ki, əgər seçməyə imkanı varsa....
Nepaldakı hadisələrdə, rəngli inqilablarda və ərəb baharında olduğu kimi kütlənin işıqlı gələcəyə inamı üzərində manipulyasiya olunması açıq - aşkardır. Freyd nəzəriyyəsinə görə, şüuraltı duyğular - ədalətsizlik hissi, məyusluq, dövlətə güvənsizlik - davranışlara birbaşa təsir edir. Nepal gəncliyi məhz bu psixoloji gərginliklərin təsiri ilə kütləvi şəkildə küçələrə çıxdı.
Əksəriyyət monarxiyanın qayıtması şüarlarını küçələrdə səsləndirir. Bunun da psixoloji izahı var, lakin məntiqi izahı yoxdur ( çünki həmin dövrdə vəziyyət indikindən fərqlənmirdi). Şüuraltı olaraq "atalıq fiquru" kimi kral obrazı, xaos və qeyri-sabitlik şəraitində insanlar üçün təhlükəsizlik və nizam simvoluna çevrilir.
Tarixi təcrübə göstərir ki, inqilablar və kütləvi etiraz hərəkatları çox zaman daxili sosial-siyasi problemlərin məhsulu olsa da, xarici güclərin müdaxiləsi nəticəsində daha geniş miqyas alır. Bernaysın "propaganda" konsepsiyasına əsasən, ictimai rəy "görünməz mexanizmlər" vasitəsilə formalaşdırıla bilər və bu, həm daxili elita, həm də xarici aktorlar tərəfindən həyata keçirilə bilir.
Beləliklə, biz siyasi texnologiyaların tətbiqinin bu dəfə Nepalda tətbiqini görmüş olduq. Dünya gücləri arasında davam etməkdə olan mübarizə Avrasiyanın hər nöqtəsində amansız mübarizəyə çevrilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31