AZ

MİQ imtahanında iştirak niyə ödənişli olacaq? - Deputat səbəbləri AÇIQLADI

Təklif olunan dəyişiklikdə ilk dəfə işə qəbul imtahanında iştirak edən bütün vətəndaşlar üçün tamamilə ödənişsiz əsasların saxlanılmasını nəzərdə tutur. Bu, dövlətin sosial yönümlü siyasətinə tam cavab verir və vətəndaşların ilk cəhddə bərabərlik hüququnu məhdudlaşdırmır. Ödəniş yalnız təkrar müraciətlərdə tətbiq olunur. Yəni, söhbət ümumi hüququn məhdudlaşdırılmasından deyil, resurslardan daha məsuliyyətli istifadənin təşviqindən gedir.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında deputat Elçin Mirzəbəyli deyib. 

“Digər tərəfdən, təklif olunan dəyişiklik ictimai və iqtisadi zərurətdən irəli gəlir. Hər il minlərlə insan imtahanlarda iştirak edir və dövlət büdcəsindən ciddi vəsait sərf olunur. Təkrar müraciətlərin çoxluğu isə əlavə maliyyə yükü yaradır. Büdcənin qənaətlə idarə olunması dövlətin əsas vəzifələrindən biri olduğu üçün prosesə bütün iştirakçı tərəflərin məsuliyyətlə yanaşması zəruridir. 

Qeyd etmək lazımdır ki, layihədə sosial ədalət prinsipi tamamilə qoruyur. Çünki əlilliyi olan şəxslər, şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrin üzvləri və ilk dəfə müraciət edənlər bu ödənişdən tam azaddırlar. Bu istisnalar həm Konstitusiyanın bərabərlik prinsipinə, həm də dövlətin sosial siyasətinə uyğun olaraq ən həssas təbəqələri müdafiə edir” – deyə o qeyd edib. 

E. Mirzəbəyli onu da qeyd edib ki, təklif olunan dəyişiklik məsuliyyətli yanaşmanı təşviq edir. Təkrar imtahanların ödənişli olması namizədləri daha ciddi hazırlaşmağa, ilk cəhddə uğur qazanmağa sövq edəcək ki, bu həm müəllimlərin peşəkarlıq səviyyəsinə, həm də təhsil sisteminin keyfiyyətinə müsbət təsir göstərəcək.

“Ödənişli iştirak sistemi beynəlxalq praktikada geniş yayılıb. Əsas prinsip isə iki başlıca şərtə əsaslanır:

Birincisi, ədalətlilik – yəni ödənişdən aztəminatlı və həssas sosial qruplar azad edilir. Bizim layihədə də məhz bu mexanizm nəzərdə tutulur: təkrar imtahanlar zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələr ödənişdən azaddır.

İkincisi, məsuliyyətlilik – ödəniş mexanizmi namizədləri daha ciddi hazırlaşmağa və imtahana məsuliyyətlə yanaşmağa sövq edir.

Hesab edirəm ki, bu dəyişiklik dövlət büdcəsinin səmərəli istifadəsinə və müsabiqə iştirakçılarının məsuliyyətli davranışına xidmət etdiyi üçün dəstəklənməlidir” – deyə deputat sonda vurğulayıb.

Seçilən
26
6
modern.az

7Mənbələr