Finss.az - Azərbaycanda bank sektorunda əmanət faizləri üzrə rəqabət getdikcə güclənir. 2025-ci ilin sentyabr ayı etibarilə bir sıra banklar müştərilərinə yüksək illik faizlə əmanət təkliflərini təqdim edirlər.
Məlumata görə, Bank of Baku, Expressbank, Rabitəbank, AFB Bank və Yelo Bank 12%-ə qədər illik faizlə 12 aylıq əmanət imkanları təqdim edir. TuranBank və AccessBank isə 11.5%-ə qədər faizlə müştəriləri cəlb etməyə çalışır. Bank BTB isə 10% illik faizlə daha qısa müddətli əmanət paketləri təklif edir.
Banklar faiz ödənişlərini müxtəlif variantlarda təqdim edir. Məsələn, AFB Bank aylıq, AccessBank rüblük, Bank of Baku və Expressbank isə müddətin sonunda ödəniş həyata keçirir.
Uzunmüddətli əmanətlər yüksək gəlir təmin edir, qısa müddətli əmanətlər isə likvidliyi qorumaq istəyənlər üçün sərfəlidir. Həmçinin, 18 ay və daha uzun müddətə yerləşdirilən əmanətlərin faiz gəlirlərinin bir hissəsi vergidən azad edilib ki, bu da fiziki şəxslər üçün əlavə üstünlük yaradır.
Bank müştəriləri əmanət seçərkən faiz dərəcəsi, müddət və ödəniş tezliyini nəzərə almalıdır. Hazırda əmanətçilər üçün ən sərfəli vaxtdır və banklar rəqabət şəraitində daha cəlbedici təkliflər təqdim etməyə davam edirlər.