AZ

Amerika hava müdafiə sistemləri Dohada niyə işə düşmədi?

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Qətər paytaxtı Doha üzərindən İsrailin HƏMAS liderlərinə qarşı həyata keçirdiyi hücum beynəlxalq səviyyədə böyük rezonans doğurub. Regionda ABŞ-ın ən yaxın müttəfiqlərindən olan Qətər, öz hava məkanında baş verən bu hücumu qarşısını ala bilmədi. Bu da ölkənin müasir Amerika istehsalı olan hava hücumundan müdafiə sistemlərinin effektivliyini gündəmə gətirib.

Bizimyol.info xəbər verir ki, “Associated Press” agentliyinin məlumatına görə, Qətər "Patriot" və "THAAD" kimi yüksək səviyyəli Amerika istehsalı olan hava hücumundan müdafiə sistemlərinə malikdir. Bu sistemlər ballistik raketlərə qarşı hazırlanıb və İsrail tərəfindən də geniş istifadə olunur.

Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani hücumdan sonra verdiyi bəyanatda: “İsrail düşməni radarların aşkar edə bilmədiyi silahdan istifadə edib”, - deyə bildirib.

Ekspertlərin fikrincə, bu, uzaq mənzilli raketlər vasitəsilə həyata keçirilmiş hücum ola bilər. Belə raketlər hücum edən ölkənin öz hava məkanından çıxmadan hədəfi vurmağa imkan verir. Qeyri-rəsmi məlumatlara əsasən, raketlər Fars körfəzi üzərindən buraxılıb.

Əl-Tani hücumu “İsrailin terror aktı” adlandıraraq, bu addımın bölgədə sabitliyi pozmağa yönəldiyini deyib. O, bu hücuma qarşı mütləq cavab veriləcəyini bəyan etsə də, cavabın necə olacağı hələ də açıqlanmayıb. Diplomatik səviyyədə cavabın BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması ehtimal edilir. Hərbi qarşılığın verilməsi isə hazırkı şəraitdə real hesab olunmur.

Hadisədən dərhal sonra Qətərə yüksək səviyyəli qonaqlar axını başlayıb. Artıq Dohada BƏƏ Prezidenti Məhəmməd bin Zayedlə görüş keçirilib. Yaxın günlərdə İordaniya və Səudiyyə Ərəbistanının vəliəhd şahzadələrinin də Qətərə səfəri gözlənilir. Bu səfərlər bölgədəki təhlükəsizlik vəziyyətinin ciddi şəkildə müzakirə ediləcəyindən xəbər verir.

Fars körfəzi regionunda yerləşən ölkələr arasında Qətər ən kiçik orduya malik dövlətdir. Rəsmi məlumata görə, ölkənin silahlı qüvvələrində təxminən 15 min hərbçi xidmət edir. 2013-cü ildən bəri 18-35 yaş arası kişilər üçün məcburi hərbi xidmət tətbiq olunur. Xidmət müddəti 4 aydan 1 ilə qədər dəyişir.

Qadınlar da könüllü şəkildə hərbi xidmətə yazıla və zabit vəzifələrində çalışa bilirlər. Lakin hərbi personalın sayını artırmaq üçün Qətər xarici muzdlular da işə cəlb edir. Əsasən Pakistan və İordaniyadan gətirilən bu muzdlularla bağlı dəqiq statistika ictimaiyyətə açıqlanmır.

2017-ci ildən etibarən Qətər ordusunu geniş şəkildə modernləşdirməyə başlayıb. Xüsusilə hava qüvvələri diqqət mərkəzində olub. Ölkə Fransa, Böyük Britaniya və ABŞ-dan onlarla müasir qırıcı təyyarə alıb. Hazırda bu sayın 100-ə qədər artacağı gözlənilir.

Bununla yanaşı, Almaniya və Türkiyədən alınan tanklar, zirehli texnikalar, artilleriya sistemləri quru qoşunlarını gücləndirib. İtaliya və Türkiyədən alınan hərbi gəmilər isə dəniz qüvvələrinin imkanlarını artırıb.

İsrailin Qətər ərazisindəki HƏMAS rəhbərliyinə qarşı endirdiyi hücum regionda güc balansını dəyişə bilər. Qətərin yüksək texnologiyalı hava müdafiə sistemlərinə malik olmasına baxmayaraq, bu hücumu qarşısını ala bilməməsi ciddi suallar doğurur. Hadisənin nəticələri həm diplomatik, həm də hərbi sahədə yeni proseslərin başlanğıcı ola bilər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
bizimyol.info

1Mənbələr