Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf etməkdə davam edir. Məlum olduğu kimi, üç gün öncə Qırğızıstanın Çolpan-Ata şəhərində Qazaxıstan, Qırğızıstan və Özbəkistanın enerji və su təsərrüfatı qurumları arasında üçtərəfli görüş keçirilib. Görüşlərin nəticəsi olaraq regionun su-enerji balansını tənzimləmək üçün bir sıra protokollar imzalanıb.
Hafta.az-ın yazdığına görə, Qazaxıstanın Energetika Nazirliyi görüşlə bağlı açıqlamasında qeyd edib ki, imzalanmış saziş Toktoqul bəndindən suyun buraxılması ilə bağlı tərəflərin öhdəliklərini müəyyən edib.
Bundan başqa, saziş Qazaxıstan və Özbəkistanın Qırğızıstanı elektrik enerjisi ilə təmin etməsi və elektrik enerjisinin Qazaxıstan vasitəsilə Rusiyadan Qırğızıstana tranzitinə dair şərtləri nəzərdə tuturdu. Bəyanatda bu addımların bəndin su səviyyəsinin saxlanmasına və Qazaxıstanın cənub bölgələrinin suvarma mövsümündə lazımi su ilə təmin olunmasına töhfə verəcəyi qiymətləndirilib. Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bəyan edib ki, protokollarda “konkret rəqəmlər, müddətlər və qiymətlər” var və proqramın ciddi şəkildə icrasının elektrik enerjisi təchizatı və su ehtiyatlarının idarə edilməsində sabitliyin qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüş çərçivəsində ikitərəfli görüşlər də keçirilib. 2026-cı ilin mart-dekabr ayları arasında Özbəkistandan Qazaxıstana təxminən 900 milyon kilovatsaat elektrik enerjisi tədarük etmək üçün protokol imzalanıb.
Saziş Qazaxıstanın cənubundakı elektrik stansiyalarında təmir işləri zamanı yarana biləcək elektrik enerjisi çatışmazlığının qarşısını almaq məqsədi daşıyır.