Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Boyuma görə kompleksim olub. Cəmiyyətin təsiri çox böyük olurdu. Reaksiya, yanaşma düz olmurdu. Bu kompleks ictimai yerlərdə mənə sıxıntı yaradırdı. Amma, başda İntiqam müəllim olmaqla, kollektivin, əsas da yaradıcı heyətin sayəsində kompleksi dəf edə bildim. Kompleksimin aradan qalxmasında aktyor Natiq Fərzəliyevlə birlikdə oynadığım tamaşanın da rolu böyükdür. Bu həm də ondan nələrsə öyrənməyim üçün böyük bir şans idi”
Bunu Moderator.az-a açıqlamasında aktyor Emin Balayev deyib. O daha sonra aktyor sənətinə tam təsadüfən gəldiyini etiraf edib:
“2016-cı ildə “Actor Academy” adlı aktyorluq kursuna qatıldım. Kursda müəllimlərim də Tərlan Rəsulov və Yaqut xanım Paşazadə oldu. Kursu bitirdikdə Yaqut xanım bizə bildirdi ki, Bakı Uşaq və Gənclər Teatrında aktyor qəbulu var. Mən də müraciət etdim, teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan məni sınaq müddətinə qəbul etdi. 3 ay sonra teatrdan ayrılmaq məcburiyyətində qaldım. Amma, təxminən 2 ay sonra yenidən geri qayıtdım və İntiqam müəllim məni teatra qəbul etdi. Sınaq müddəti başa çatdıqdan sonra, 2018-ci ilin aprel ayında rəsmiləşmə baş tutdu. Çalışdığım sahələr çox idi. Sonuncu işim İT mütəxəssisliyi olub. Amma, daha sonra "Bozbash Pictures"-in lahiyəsi olan "Palata 106" serialına dəvət alıb, çəkilmişəm” deyə sənətçi bildirib.
36 yaşlı aktyor teatrı bütün sahələrdən üstün tutduğunu deyir:
“Bizim teatrda adından bəlli olduğu kimi əsasən uşaq tamaşaları olur və adətən təmsil xarakterli tamaşalar repertuarda yer alır. Yəni digər canlılar və cansız varlıqlar belə rejissorun quruluşuna əsasən aktyorlarımız tərəfindən canladırılıb, nümayiş olunur. Təbii ki, böyüklər üçün də çox gözəl tamaşalarımız var. Əsas məqsədimiz gələcəyimiz olan gözəlliklərin maariflənməsidir. Bu yolda az da olsa qatqım varsa bütün rollarımı sevirəm. Yeni mövsüm artıq başlayıb. Bildiyimə görə 4-5 yeni əsər səhnələşdiriləcək. Böyük həyəcan və maraqla gözləyirəm” deyə aktyor bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.