AZ

Ermənistanda revanşistlər sülhə mane olmağa çalışırlar

Proseslər isə göstərir ki, onlar istəklərinə nail ola bilməyəcəklər

Ermənistanda uzun illər davam edən siyasi böhran, korrupsiya və idarəetmədəki boşluqlar ictimai inamın azalmasına və ölkədə iqtisadi-sosial vəziyyətin pisləşməsinə səbəb olub. Bu proses nəticəsində işsizlik artıb, inflyasiya yüksəlib və sosial xidmətlər zəifləyib. Əhalinin böyük bir qismi gündəlik ehtiyaclarını qarşılaya bilmir.

Bölgələrdən əhali axını nəticəsində kəndlər boşalır. Onların arasında Qarabağı könüllü tərk etmiş ermənilər daha çoxdur. Bunun səbəbləri var. 44 günlük Vətən müharibəsindən sonra Qarabağdan Ermənistana köç etmiş haylar orada ciddi sosial-iqtisadi çətinliklərlə üzləşiblər. Arzuladıqları sabitliyi və rifahı tapa bilməyiblər. İşsizlik, mənzil problemi, aşağı gəlirlər və qeyri-müəyyən hüquqi status onların ölkədə qalmaq istəyini sürətlə azaldıb. Nəticədə 2020-2024-cü illər ərzində 24 mindən çox Qarabağ ermənisi bu ölkəni birdəfəlik tərk edib. Bütün bunlara səbəb ilk növbədə müxalifətin xülyalarla yaşaması və xalqı aldatması olub. 

Bu günlər Ermənistanda baş verən olaylar bir daha sübut edir ki, əməllərindən əl çəkməyən müxalifət daha da həyasızlaşıb, sadə erməni xalqını bundan da çətin və ağır günlərə aparmaq istəyir. Hadisələrin bu fonunda separatçı rejimin qalıqları hələ də "status" və "təhlükəsiz qayıdış" illüziyası ilə yaşamaqda davam edirlər.  

Cari ilin 8 avqust tarixində ABŞ-nin Vaşinqton şəhərində imzalanan Birgə Bəyannamədən sonra hakim partiya seçkilərə sülh və inkişaf platforması ilə gedəcəyini ortaya qoyub. Erməni cəmiyyətində sülh və kommunikasiyaların blokdan çıxarılaraq, ölkənin özünütəcrid vəziyyətinə son qoyması ilə bağlı vəziyyət müsbət tendensiyalarla müşayiət olunur. Artıq respondentlərin böyük əksəriyyəti hakim partiyaya yenidən səs verəcəklərini ifadə etməyə başlayıblar. Bu isə seçkiyə sülh və inkişaf platforması ilə hazırlaşan Paşinyan komandasına növbəti qələbənin reallaşacağı kimi görünür. Seçkilərdə köhnələrlə yanaşı yeni siyasi qüvvələrin də iştirak edəcəyi gözlənilir. 

Sosial sorğular sayəsində ilkin mərhələdə nə baş verdiyi, kimin necə mövqe tutduğu, hansı siyasi qüvvənin etimadı itirdiyi, hansı partiyanın şansının çox olduğu məlum olur. Bu günlərdə GALLUP tərəfindən sorğu keçirilib. Səsvermədə iştirak edənlərin 17.3 faizi səsini "Vətəndaş müqaviləsi" partiyasının lehinə verib. Bu da ötən sorğu ilə müqayisədə 4 faizdən çox artım deməkdir. Respondentlərin verdiyi cavablardan da görünür ki, onlar daha çox baş nazirin partiyasına səslərini verəcəklər. Bu isə sadə erməni vətəndaşlarının sülh gündəminə marağının getdikcə artması deməkdir.

Maraqlıdır ki, səsvermədə uzun müddətdir guruldayan, seçkidə qalib gələcəyinə əminlik ifadə edən eks-prezidentlərin partiyaları çox zəif nəticə əldə ediblər. Bu da müxalifət düşərgəsində ciddi məyusluğa səbəb olub. Belə ki, sorğunun nəticələrinə əsasən, respondentlərin 6,4 faizi "Ermənistan" blokuna, 3,8 faizi "Çiçəklənən Ermənistan" partiyasına, 3,4 faizi isə "Respublika" partiyasına səs verəcəklərini bildiriblər. Növbəti nəticələr isə müxalifət üçün daha biabırçı formadadır: Hazırda həbsdə olan Vardan Qukasyanın partiyası 2,5 faiz,  Aram Sarkisyanın "Anrapetutyun" partiyası 1,1 faiz, Daşnaksütyun isə 1,1 faiz səs toplayıb.

Bir məqam da ondan ibarətdir ki, hazırda həbsdə olan, Kremlin maşası sayılan iş adamı Samvel Karapetyanın "Yeni güc" partiyası respondentlərin 13,4 faizinin səsini toplayıb. Bu partiyanın ilin sonuna qədər formalaşacağı ehtimal edilir və Samvel onun lideridir. Hazırda isə işlər onun yaxın qohumu tərəfindən aparılır. Bu nəticə isə deməyə əsas verir ki, erməni seçici artıq Köçəryan, Sarkisyan kimi siyasətçilərdən yorulublar. Bununla belə əvvəlki reytinqi 2,8 faiz olan partiyanın iki ay ərzində belə artım göstərməsi Moskvanın dəstəyinə birbaşa işarədir. Bu dəstək bir sıra media qurumlarının yazdıqlarında, həm də Qarabağ ermənilərinə humanitar aksiya adı altında keçirilən tədbirlərdə müşahidə edilir. Ermənistan seçiciləri arasında Rusiyameyilli şəxslərin sayı kifayət qədər çoxdur və onların məhz Karapetyanın partiyasını seçməsi gözləniləndir. Əgər nəzərə alsaq ki, Robert Köçəryan və Serj Sarkisyanı dəstəkləyənlərin sayı kifayət qədər azalıb, onda Karapetyan partiyasına meyillənməni  anlamaq olar.

Müxalifətin reytinqinin sülh gündəmi qarşısında zəifləməsi bu qüvvələrin seçkidə məğlub olacağından xəbər verir. Hətta bəzi şərhçilər yaxın aylarda "Vətəndaş müqaviləsi"nin reytinqinin 47 faizi ötəcəyini bildirirlər. Bu da müxalifət üçün əlavə bir zərbə ola bilər. Bildirək ki, əgər iyun ayında respondentlərin 77,1 faizi Samvel Karapetyanın həbsinə etiraz edirdisə, sentyabrın ilk həftəsində keçirilən sorğularda bu rəqəm 64,4 faizə qədər azalıb. Artıq respondentlərin 20 faizə yaxın bir hissəsi iş adamının həbsini qanuni hesab edir. Bunu Karapetyanla bağlı Kremlin başlatdığı manipulyasiyanın tezliklə fiaskoya uğrayacağı hesab etmək olar. Əgər ötən müddət ərzində 13-18 faiz vətəndaş fikrini dəyişibsə, ilin sonuna qədər bunun daha çox olacağı mümkündür.

Analitiklərin fikrincə, 8 avqust Vaşinqton Bəyannaməsi ilə bağlı vətəndaşların münasibəti öyrənilərkən məlum olub ki, 22,8 faiz respondent Bəyannaməni tam dəstəklədiyini bildirib. Sorğuda iştirak edənlərin 19,3 faizi Vaşinqton Bəyannaməsinə müsbət yanaşdığını deyib. 7 faiz respondent cavab verməkdə çətinlik çəkib, 3 faizi isə belə bir sənədin mövcudluğundan xəbərsiz olduğunu deyib. Bu rəqəmlər də göstərir ki, müxalifətin gecə-gündüz apardığı təbliğat artıq fiaskoya uğrayır. Xüsusən də Serj və Robert cəbhəsinin bütün gücü ilə apardığı media təbliğatı əks-nəticə verib. 

Respondentlər arasında Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı da sorğu keçirilib. Maraqlıdır ki, sorğuda iştirak edənlərin 35,5 faizi bu ideyanı dəstəklədiklərini bildiriblər. Bir neçə ay əvvəl keçirilən seçkilərdə bu rəqəm heç 10 faizə çatmasa da, artıq 35 faizi üstələməkdədir. Bu da Ermənistanda hakim partiyanın düzgün məlumatlandırma aparmasından, müxalifətin "suverenliyimiz əldən gedir" tezisinin çürüməsindən xəbər verir. Eyni zamanda artıq sadə erməni vətəndaşı anlayır ki, ölkəsinin inkişafı və irəli getməsi sülh gündəmindən və Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. 

Sorğu iştirakçılarının artıq 39 faizi Vaşinqton Bəyannaməsi sayəsində regionda sülhün bərqərar olacağına əmin olduğunu bildirib. Bu  rəqəmlərin il sonuna və gələn ilin iyun ayına qədər ciddi şəkildə artacağı istisna edilmir.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına razılığı böyük uğur adlandıranların sayının gündən-günə artdığını görən Ermənistandakı revanşist qüvvələr öz pozucu fəaliyyətləri ilə bu prosesə qarşı çıxmaq və seçkilərdə üstünlük qazanmaq üçün əldən-ayaqdan gedirlər. Həm keçmiş cinayətkar xunta rəhbərləri, onların nəzarətindəki siyasi qüvvələr, həm də erməni kilsəsi Paşinyanı devirmək üçün mübarizə aparır, sülh prosesi əleyhinə çıxışlar edirlər. Bir neçə gün əvvəl qondarma "artsax"ın yaranmasının ildönümü münasibətilə separatçılar, erməni kilsəsi və bəzi müxalifət partiyaları bir araya gələrək sülh əleyhinə çıxışlar ediblər, Minsk qrupunun buraxılmasını qəbuledilməz adlandırıblar.

Özünü separatçıların lideri hesab edən Samvel Şahramanyan, Ermənistanın katalikosu, Kilikiya katalikosu, bəzi müxalif partiyaların sədrləri bəyanatlarında ruhdan düşməməyi və gələcəkdə yaranacaq münbit şəraitdə Qarabağın yenidən "azad ediləcəyi" ilə bağlı çıxışlar edir, Ermənistan hakimiyyətini satqınlıqda günahlandırırlar. Onlar, eləcə də ölkə xaricindəki bəzi revanşist qüvvələr Paşinyanı devirərək yenidən ərazi iddialarını qaldırmaq niyyətindədirlər. Amma bütün bunlar iflasa məhkumdur. Çünki xalq acınacaqlı vəziyyətdən xilas olmaq, əmin-amanlıq  içində yaşamaq istəyir. Artıq tərəqqipərvər insanlarda belə bir yəqinlik yaranıb ki, Ermənistan revanşistlərinin sonu daha böyük faciələrlə nəticələnə bilər.

Əgər Paşinyan hökuməti verilən vədləri yerinə yetirib sülh gündəminə sadiq qalsa, Ermənistan vətəndaşları 7 iyun seçkilərində ciddi qələbə ilə müxalifəti tarixin bir küncünə atacaq. Bunun üçün isə prinsipial addım atmaq kifayətdir.

Rəhman SALMANLI, 

"Azərbaycan"

Seçilən
80
azerbaijan-news.az

1Mənbələr