AZ

Maşınla vurulan məktəbli qızın anası taksi sürücüsünü bağışladı - HÖKM

Neftçala Rayon Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Cabbar Quliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə araşdırmaları yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ləman Qasımzadənin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.


Məhkəmənin hökmü ilə Cabbar Quliyevin Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin Məcəllənin 263.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Bundan başqa, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə də xitam verilib. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilmiş mülki iddia üzrə də icraat dayandırılıb.


İttiham aktına əsasən, taksi kimi fəaliyyət göstərən Cabbar Quliyev 21 oktyabr 2024-cü il tarixdə, saat 17:40 radələrində idarə etdiyi "VAZ-21074" markalı avtomobillə Neftçala şəhərində hərəkətdə olarkən yol-hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan piyadanı vurub.


Belə ki, təqsirləndirilən şəxs şəhərin M.Ə.Rəsulzadə küçəsi ilə maşını ilə hərəkət edərkən hərəkət üçün təhlükə yarandığını gördüyü halda sürəti lazımi qədər azaltmayıb. Nəticədə, avtomobilin ön hissəsi ilə yolu keçən, 2015-ci il təvəllüdlü, zərərçəkmiş M.M.-i (adı, soyadı şərtidir) vuraraq ağır bədən xəsarətləri yetirib. Qəza nəticəsində azyaşlı travmatik şok, qapalı kəllə-beyin travması, çanaq sümüklərinin sınığı və digər həyati təhlükəli xəsarətlər alıb.

Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) ifadə verərək bildirib ki, qızı hər gün dərsdən sonra ailənin tanışı olan bir sürücü tərəfindən evə aparılırmış. Hadisə günü də eyni qaydada onu məktəbdən götürdüyü vaxt qəza baş verib.

Qanuni nümayəndə hazırda təqsirləndirilən şəxsi bağışladıqlarını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı hər hansı şikayət və tələbin olmadığını deyib. Bu səbəbdən də icraata xitam verilməsini xahiş edib.


Kamal Məmmədov 

Tarix: 11 Sentyabr 2025, 08:34   
Seçilən
58
pravda.az

1Mənbələr