AZ

Fitch qızıl və misin qlobal qiymət proqnozlarını yüksəldib

Reytinq agentliyi qızılın “təhlükəsiz aktiv” statusunu və misə tələbin artımını əsas gətirir...

Poliqon xəbər verir ki, beynəlxalq reytinq agentliyi Fitch Ratings qızıl və misin dünya bazarındakı qiymət proqnozlarını artırıb. Qızıl üzrə dəyişikliklər onun “təhlükəsiz liman” aktiv kimi mövqeyi, mis üzrə isə gözlənilən tələbin artması və qlobal ehtiyatların məhdudluğu ilə izah olunur.

Hesabata görə, 2025-ci ildə qızılın qiyməti əvvəlki $2,8 min proqnozu ilə müqayisədə $3 min/unsiya səviyyəsində gözlənilir. 2026-cı il üçün qiymət $2,7 min/unsiya (əvvəlki proqnoz $2,4 min), 2027-ci il üçün isə $2 min/unsiya həddində saxlanılıb. Fitch-in rəyinə əsasən, ABŞ dollarının zəifləməsi ilə bağlı narahatlıqlar qızıla sərmayə axınını gücləndirib və bu, rekord qiymət artımına gətirib çıxarıb.

Misin spot qiymətləri üzrə proqnoz da artırılıb. 2025-ci ildə qiymət $9,5 min/ton (əvvəlki $9,2 min), 2026-cı ildə $9 min/ton (əvvəlki $8,5 min), 2027-ci ildə isə $8,5 min/ton səviyyəsində gözlənilir. Agentliyin analitikləri qeyd edirlər ki, 2028-ci ilə qədər misin qiymət proqnozlarının yüksəldilməsi davamlı tələbi və ehtiyatların məhdudluğunu əks etdirir. Proqnozlara əsasən, 2025–2026-cı illərdə qlobal mis istehlakı 2–3% artacaq, əsas artım isə Çinin payına düşəcək. Bu dövrdə təmizlənmiş misin təklifi 1,5–2% yüksələcək.

Alüminium bazarında isə Fitch 2025–2026-cı illər üçün qiymət proqnozunu $2,5 min/ton səviyyəsində saxlayıb. Lakin 2027–2028-ci illər üçün əvvəlki $2,3 min/ton göstəricisi $2,5 min/tonadək qaldırılıb. Analitiklərə görə, qlobal alüminium tələbi hazırkı 74 milyon ton həcmindən 2030-cu ilə qədər 80 milyon tona yüksələcək. Bazarın tələbinə cavab vermək üçün bağlanan istehsal müəssisələri yenidən fəaliyyətə qaytarılacaq və yeni istehsal gücləri yaradılacaq.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr