AZ

Yeni nəsil məzarlar belə olacaq: QR kodlu... - FOTO

Ankarada qəbir daşlarına əlavə edilən QR kodlar vasitəsilə vətəndaşlar, dünyasını dəyişən yaxınlarının və ya ev heyvanlarının xatirələrini virtual mühitə daşıya bilirlər.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəbir daşlarına yerləşdirilən bu QR kodlar vasitəsilə vətəndaşlar fotolar, videolar, səs yazıları və anı mətnləri yükləyərək sevdiklərini yaddaşlarda yaşada bilirlər. Gənc təşəbbüskar Barış Can Aydıntürk, bu üsulla gələcəkdə hətta üç nəsil sonrakı nəvələrin belə babaları haqqında məlumat sahibi ola biləcəyini bildirib.

"Biz istifadəçilərimizə təhlükəsiz virtual profil xidməti təqdim edirik. Buraya sevdiklərinin, ev heyvanlarının və ya mənəvi dəyəri olan əşyalarının foto, video və səs yazılarını, eləcə də xatirələrini yerləşdirə bilirlər. İstəyimiz odur ki, zamanla fotolar, videolar it-bat olmasın, gələcək nəsillər də onlardan xəbərdar olsun. Bu məqsədlə paslanmaz polad üzərinə çap edilmiş QR kodları profillərlə əlaqələndirmişik. İstifadəçilər həmin kodları qəbir daşına və ya istədikləri yerə yerləşdirə bilərlər. Ziyarət edənlər də bu kodu oxudaraq profillərə daxil ola bilirlər".

Layihənin yalnız şəxsi istifadə ilə məhdudlaşmadığını bildirən gənc təşəbbüskar şəhid məzarlarına da QR kodların əlavə edilməsini planlaşdırdıqlarını açıqlayıb:

"Bu məqsədlə nazirliklə əlaqə yaratdıq, layihə müraciətimizi etdik, cavab gözləyirik. Şəhidlərimizin məzarlarına, eləcə də 6 fevral Kahramanmaraş zəlzələsində həyatını itirən vətəndaşlarımız üçün də bu sistemi tətbiq etmək niyyətindəyik. Vətəndaşların marağı çox müsbətdir. Necə ki, qəbiristanlığa gedib çiçək qoyuruq, bu da bir anma ehtiyacının müasir həlli olacaq. İnsanlar ziyarət etdikləri şəxsin həyatı haqqında məlumat ala biləcəklər".

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
17
4
milli.az

10Mənbələr