Avropa İttifaqı (Aİ) və ABŞ arasında gömrük rüsumları, o cümlədən hələ razılaşdırılmamış məsələlər üzrə etibarlı razılaşmanın tezliklə əldə olunacağına ümid edirəm.
Teleqraf xəbər verir ki, bu bəyanatla Almaniya Kansleri Fridrix Merts çıxış edib.
“Mən Aİ və ABŞ arasında etibarlı razılaşmanın tezliklə əldə olunacağını gözləyirəm. Söhbət təkcə razılaşdırılmış tariflər deyil, həm də hələ də açıq qalan məsələlər üzrə razılaşmadan gedir. Bu, ilk növbədə polad və alüminium üzrə rüsumlardır", - Merts Berlində Avropa Şurasının sədri Antoniu Koşta ilə birgə mətbuat konfransında bildirib.
Kanslerin sözlərinə görə, vaxt mühüm amildir, çünki Almaniya iqtisadiyyatı və ümumiyyətlə Avropa sənayesi yüksək tariflərdən irəli gələn qeyri-müəyyənlikdən ciddi əziyyət çəkir.
“Mən bunu Avropa Parlamentinə müraciətlə də əlaqələndirmək istərdim. Avropa Parlamenti bu tədbirlərdən təsirlənən Avropa sənayesi üçün hüquqi müəyyənliyi və aydınlığı təmin etmək üçün bu razılaşmaları tez təsdiqləməlidir”, - Almaniyanın hökumət başçısı vurğulayıb.