ChatGPT-nin tərtibatçısı "OpenAI" "Oracle" korporasiyası ilə beş il müddətinə süni intellektin (AI) inkişafı üçün hesablama gücünün alınması məqsədilə 300 milyard dollarlıq müqavilə imzalayıb.
AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, "Oracle"ın yeni gəlirlərinin böyük hissəsi "OpenAI" ilə sövdələşmədən əldə olunan gəlirlə bağlıdır. Müqavilənin məbləği "OpenAI"nin cari gəlirini xeyli üstələyir və bulud hesablamaları sahəsində indiyə qədər edilən ən böyük sövdələşmələrdən biri hesab olunur. Qeyd edilir ki, belə bir məlumat mərkəzinin işləməsi üçün 4,5 giqavat gücü tələb olunacaq ki, bu da təxminən 4 milyon evin enerji sərfiyyatına bərabərdir.
Bundan əvvəl "Bloomberg" məlumat vermişdi ki, "Oracle"ın həmtəsisçisi Larri Ellison şirkətin səhmlərinin sürətlə artması fonunda sahibkar İlon Maskı geridə qoyaraq dünyanın ən varlı adamı olub. Artımın səbəbi şirkətin 2026-cı maliyyə ilinin birinci rübü üçün maliyyə hesabatı olub. Nəticələrə əsasən, "Oracle"ın gəliri 12% artaraq 14,9 milyard dollara, gələcək öhdəliklərin (RPO) həcmi isə 359% artaraq 455 milyard dollara çatıb. Şirkət bunu "Oracle" buludunda süni intellekt təlimi üçün bağlanmış milyardlarla dollarlıq müqavilələrlə izah edib.