AZ

“Mən bu işgəncəyə daha dözə bilmirəm, kaş ki, gözlərimi yumub yuxuya gedə biləydim...“ Oliver Elvis

Moderator.az saytına istinadən ain.az xəbər verir.

"Britaniyalı gənc kişi sadəcə yaşamaq yox, yatmaq uğrunda mübarizə aparır..."

32 yaşlı britaniyalı Oliver Elvis bir neçə il əvvəl hər kəsin arzuladığı həyatı yaşayıb. Gənc yaşında ipotekasını tam bağlayıb, dördotaqlı ev alıb, qatar maşinisti kimi sabit işə sahib olub.

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.

İdeal həyatdan dağılmış taleyə

Nəşr yazır ki, Oliver hətta uşaqlıq arzusunu da gerçəkləşdirib pilot lisenziyası əldə edərək, kiçik bir təyyarə belə alıb. İçki, siqaret, narkotik bilməyən sağlam həyat tərzi onu daha da gücləndirib.

Amma 2023-cü ilin sonunda gözlənilməz bir şey baş verib: Olever bir gecə yata bilməyib. Ardınca gələn gecələrdə də vəziyyət təkrarlanmağa başlayıb. Beləcə, bir dəfəlik görünən epizod həyatını kökündən dəyişib. Artıq iki ildir ki, o, yuxu nə olduğunu unudub. Daha dəhşətlisi isə beynində heç bir yorğunluq hissi qalmayıb, sanki o, "qəzadan sonrakı rejimdə" ilişib və heç vaxt sönməyəcək.

"Canlı ölüm": bədənin və ruhun tükənməsi

Oliverin orqanizmi sürətlə dağılır. Əzələləri, sümükləri, oynaqları daimi ağrı içindədir. O, bunu "dəmir kostyum geyinmək" kimi təsvir edir. Görmə qabiliyyəti zəifləyib, qidaları normal həzm edə bilmir. Psixoloji cəhətdən də çöküb: dostları ilə əlaqəni kəsib, heç bir sevinc və ya həzz hiss edə bilmir.

İşi öz istəyilə buraxıb, çünki qatar idarə etmək insan həyatı üçün təhlükəli idi. Müalicə xərclərinə görə evini satmaq məcburiyyətində qalıb. İndi anası ilə yaşayır və özünü "keçmiş Oliverin kölgəsi" adlandırır. O, deyir: "Bu sadəcə yuxusuzluq deyil, onun tam yoxluğudur. Mən heç vaxt yuxuya getmirəm. Sonsuz gündüzlər sonsuz gecələrlə əvəzlənir. Bu, yavaş-yavaş - istirahətsiz, yüngülləşməsiz, yalnız ağrı ilə ölməkdir".

Elmin gücsüzlüyü və cavabsız suallar

İki il ərzində Oliver yüzlərlə həkimin - terapevtlər, nevroloqlar, psixiatrlar, yuxu mütəxəssislərinin qapısını döyüb. Çoxsaylı diaqnozlar - posttravmatik stres pozğunluğu, xroniki yorğunluq sindromu, fibromialgiya - heç biri real səbəbi izah etməyib. Sınaqdan keçirdiyi müalicə metodlarının heç biri nəticə verməyib.

Hətta güclü narkoz dərmanları, eləcə də əməliyyatlarda istifadə olunan propofol belə onu yuxuya sala bilməyib. Bu, tibbin ən fundamental qanunlarını belə sual altına qoyur. Alimlərdən bəziləri Oliverin "paradoksal yuxusuzluq"dan əziyyət çəkə biləcəyini deyirlər. Bu vəziyyətdə beynin bir hissəsi faktiki olaraq yatır, amma şüur oyaq qalır və insan özünü yuxusuz hesab edir. Lakin Oliverin halı o qədər ekstremaldır ki, bu izah da kifayət etmir.

Son ümidlər və bitməyən mübarizə

Çarəsiz gənc Britaniyanı tərk edib dünyanın müxtəlif yerlərində alternativ müalicə üsullarını - Kolumbiyada ayauaska (narkotik), Türkiyədə sinir blokadaları, Hindistanda xalq təbabətini sınaqdan keçirib. Amma heç biri ona yuxu gətirməyib.

O, indi açıq şəkildə deyir ki, bir neçə saatlıq sakit yuxu üçün bütün sərvətini verməyə hazırdır: "Mən ölmək istəmirəm, amma bu işgəncəyə daha dözə bilmirəm. Kaş ki, sadəcə gözlərimi yumub yuxuya gedə biləydim..."

Oliver Elvisin hekayəsi hələ ki, cavabsız sualdır. Elm bunun adının yuxusuzluq, yoxsa tamamilə yeni, hələ kəşf olunmamış nevroloji sindrom olduğunu bilmir. Amma bir şey aydındır: bu gənc kişi sadəcə yaşamaq yox, yatmaq uğrunda mübarizə aparır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
moderator.az

2Mənbələr