Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb.
AFN.az xəbər verir ki, hadisə barədə iqtisadiyyat.az-a müraciət edən vətəndaş məlumat verib. Onun sözlərinə görə, hadisə “Predu” uşaq bağçasının Xətai rayonundakı Həzi Aslanov filialında baş verib.
Valideyn bildirib ki, bağçaya aylıq 1144 manat ödəniş etməsinə baxmayaraq, övladına göstərilən xidmətdən ciddi narazılıq yaşayır: “Söhbət mənim 3 yaşlı övladımdan getmir, amma axı azyaşlı uşağa necə şiddət göstərmək olar?”.
Bağça rəhbərliyi isə yayılan görüntülərə münasibət bildirərək qeyd edib ki, həmin uşaq nevropatoloq nəzarətindədir, dərman qəbul edir və ümumi inkişaf ləngiməsi diaqnozu qoyulub. Onların sözlərinə görə, yayılan videonun əvvəl kadrları kəsilib və sürətləndirildiyi üçün vəziyyət kobud rəftar kimi görünür.