İstanbul, 10 sentyabr, Günel Karatepe, AZƏRTAC
10 sentyabr - İntiharla Beynəlxalq Mübarizə Günü ilə əlaqədar İstanbulun Üsküdar Universiyetinin insan haqları və sosial psixologiya üzrə mütəxəssisləri müxtəlif yaş, təhsil və peşə qruplarına mənsub insanlar arasında sorğu keçiriblər.
AZƏRTAC xəbər verir ki, mövzuya yanaşmasında maraqlı mövqe sərgiləyən azərbaycanlı alim, Milli Məclisin deputatı Cavanşir Feyziyevin fikirləri Türkiyə mətbuatında geniş işıqlandırılıb. Mənəvi dəyərlərin itdiyi dünyada insanların sanki intihar etmək işində bir-biri ilə yarışa girdiklərini qeyd edən alim deyib: “Sanki yaradılışın məramını, həyatın anlamını, yaşamın fəlsəfəsini başa düşməyən kəslərin fonunda intiharlar kütləvi hal alır. Əslində yaşam o zaman anlam qazanır ki, həyatın bütün çətinliklərinə, sınaqlarına əzmkarlıqla sinə gərib mücadilə edəsən. Tanrının insana bəxş etdiyi bütün hisslər, orqanlar, görmə üzvlərindən tutmuş dadbilmə duyğusuna qədər bütün yaradılışımız ilahi mükafatdır. Bu düşüncələrin əhatəsində bədii ədəbiyyatımızda bəzi simvollaşmış obrazları misal çəkmək olar”.
O, bildirib ki, günümüzdə dünyada baş verən intiharların bir səbəbi də insanlığın kitabdan, ədəbiyyatdan, geniş mənada mənəvi aləmdən qopmasıdır.
“Ölüm haqdır, ölüm insanın mütləq Həqiqətə – Tanrıya qovuşma anıdır. Lakin bu, insanın iradəsi ilə deyil, Tanrının bərqərar etdiyi zamanla olanda daha məqbuldur”, – deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.