Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Siyasi Menecment İnstitutunun direktoru, həbsdə olan politoloq Azər Qasımlının işi üzrə məhkəmə prosesi davam edir.
Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim telman Hüseynovun sədrliyilə sentyabrın 10-da keçirilən məhkəmə prosesində əvvəlcə zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifovun istintaqdakı ifadəsi elan olunub. Daha sonra o, Azər Qasımlı və vəkilinin suallarını cavablandırıb.
Qeyd edək ki, Azər Qasımlıya qarşı Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələbetmə, zor tətbiri hədəsi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Lakin o, özünü təqsirli bilmir. Əksinə, özünü bu işdə zərərçəkmiş hesab etdiyini bildirir.
Qurbanəli Yusifov ötən məhkəmə prosesində zərərçəkmiş qismində ifadə verərkən bildirmişdi ki, Azər Qasımlı iki il idi onu təhdid edirdi. Azər Qasımlı ondan soruşub ki, əgər iki il ərzində təhdid olunurdusa, niyə hüquq-mühafizə orqanlarına şikayət eləmirdi: “Niyə iki il ərzində şikayət eləmirdin? Mənim sənə qarşı şikayətimdən və Mingəçevir şəhər məhkəməsinin mənim xeyrimə qərar çıxarmasından sonra şikayət elədin?”
Qurbanəli Yusifov bildirib ki, şikayət etmək niyyəti var idi, sadəcə, Azər Qasımlı ondan irəli düşüb.
Azər Qasımlı həmçinin soruşub ki, ona hədə-qorxu gəldiyini görən, buna şahidlik edən kimsə olubmu? Qurbanəli Yusifov cavab verib ki, ona borclu olması barədə məcburi qəbz imzalatdıranda başqa heç kim olmayıb.
Qurbanəli Yusifov Daxili İşlər Nazirliyinə yazdığı şikayət ərizəsində göstərib ki, Azər Qasımlı onu dövlətçilik əleyhinə qaldırmağa çalışıb, bu alınmayanda, təhdid etməyə başlayıb. Azər Qasımlı ondan soruşub ki, bunu yazmaqla nə demək istəyirdi.
“Mən müxtəlif variantlar axtarırdım”, - deyə zərərçəkmiş cavab verib.
Azər Qasımlının məhkəməsi sentyabrın 24-də davam edəcək. Növbəti məhkəmə prosesində də zərərçəkmişin dindirməsi davam edəcək.
Qeyd edək ki, Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. O bildirir ki, Qurbanəli Yusifovu hədələməyib, qarşı tərəf özü ona borclu olduğunu dəfələrlə etiraf edib. Bununla bağlı Mingəçevir Şəhər Məhkəməsində mülki qaydada onun xeyrinə çıxarılmış məhkəmə qərarı da var. Daha sonra Şirvan Apellyasiya Məhkəməsi həmin qərarı ləğv edib. Apellyasiya məhkəməsinin qərarında göstərilib ki, belə mübahisəyə kommersiya məhkəməsi baxmalı idi.
Aytən, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.