AZ

Məcburi köçkünlərə aktual sual: “Niyə kəndinizə qayıtmaq istəmirsiniz?”

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İqtisadçı ekspert: “Deyirlər ki, mal-qara, toyuq-cücə saxlaya bilməzsən, kənd “ağıllı kənd”dir, bəs maraqlıdır, bu kəndli nə ilə məşğul olsun, necə yaşasın?”

Ağdamdan olan məcburi köçkün ailəsinin 30 il yaşadığı evdən çıxmaq üçün sahibindən 20 min manat tələb etdiyi, pul verilmədiyi üçün isə evi sökərək yararsız hala saldığı iddia olunur. Bu barədə ev sahibi sosial şəbəkədə məlumat paylaşıb. Bildirib ki, 1993-cü ildə Ucar rayonunda yerləşən "Azərittifaq"dan qalma quşçuluq fermasındakı evini Ağdamdan olan məcburi köçkün Vəli Haqverdi oğlu Əfəndiyevə yaşamaq üçün verib. Vurğulanıb ki, məcburi köçkün ailəsi bu yaxınlarda evi və fermanın bir hissəsini, ona məxsus sexi sökərək dağıdıb, texnikanı isə satıb: "Dedi ki, 20 min manat verməsən, erməni necə Ağdamı dağıdıbsa, mən də buranı dağıdacağam. Gedəndə də sökdülər”.

“Transformatorumu, yem aparatımı satıblar, sexi dağıdıblar. Fermamda heç nə qalmayıb. Otaqlara baxın, görün nə günə qoyublar. Hamısını traktorla qəsdən söküblər. 30 il yaşamısan burada, nəyə görə sökürsən? Döşəmələri linglə deşiblər. Evin damını traktorla qopardıblar ki, sonradan burada yaşamaq mümkün olmasın. 20 ağacımı da kəsiblər", - deyə vətəndaş çəkib paylaşdığı videoda qeyd edib.

Vətəndaşın bu sözləri sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub. Şəbəkə istifadəçilərinin əksəriyyəti məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıtmaq istəmədiklərini, Bakıda və ya digər şəhərlərdə özlərinə qurduqlarını yaxşı şəraiti qoyub kəndlərə getmək arzusunda olmadıqlarını iddia edirlər. Məcburi köçkünlərin çoxu bu iddialarla razılaşmırlar, amma razılaşanlar da mövcuddur.

Bununla yanaşı, məcburi köçkünlərin azad edilən kəndlərinə, şəhərlərinə qayıtmaq istəməmələrinə haqq qazandıranlar da var. Bu şəxslər konkret arqumentə əsaslanırlar.

İqtisadçı, “Gündəminfo” “YouTube” kanalının rəhbəri Razi Abbasbəyli hesab edir ki, uzun illər yaşadığı evi dağıdıb çıxmaq yolverilməzdir: “Əlbəttə, əgər bir insan məcburi köçkünə sığınacaq veribsə, öz evini açıbsa və indi o məcburi köçkün evdən çıxmırsa, pul tələb edirsə, pul verilməyəndə evi dağıdırsa, düzgün deyil. Bu, yenə deyirəm, yolverilməz haldır. Amma belə hal kütləvi deyil. əsas problem odur ki, bu gün illərdir ki, ağır şəraitdə yaşayan məcburi köçkünləri avtobusa doldurub azad ərazilərdə tikilən evlərə aparmaq, orada taleyin ümidinə buraxmaq, işsiz-gücsüz yaşamağa məcbur etmək olmaz”.

“Sual olunur ki, niyə azad edilən kəndinizə getmirsiniz, bəs deyirdiniz dizin-dizin gedəcəyik? Bu sual yanlışdır. Çünki gedə bilmirlər, xaraba qalmış evlərini görmək üçün portal icazəsi tələb olunur. İkincisi, məcburi köçkün gedib atasından, babasından qalan torpaqlarda əkin-biçinlə məşğul ola bilmir, mal-qara saxlaya bilmir. Adama ev tikiblər, üç sot da torpaq veriblər. Və deyirlər ki, mal-qara, toyuq-cücə saxlaya bilməzsən, kənd “ağıllı kənd”dir, bəs maraqlıdır, bu kəndli nə ilə məşğul olsun, necə yaşasın?”, - deyə R.Abasbəyli vurğulayıb.

İqtisadçı sual edib: “Təsəvvür edin ki, bi adama kənddə ev tikirsiniz və ora göndərirsiniz. Həmin adam kənddə üç sot torpaqla nə edəcək, mal-qara, toyuq-cücə saxlamayacaqsa, nə ilə məşğul olacaq? Təbii ki, evi satıb Bakıya gələcək, fəhləlik edəcək, bir daxmada yaşayacaq. Bu gün bilirsiniz ki, kəndlərimizdə vəziyyət necədir? Rayonlarda, kəndlərdə gözəl ev-eşiyi olan insanlar Bakıya gəlib daxmalarda yaşayır, fəhləlik edirlər. Niyə? Sizcə bunu keflərindən edirlər? Əlbəttə, yox. Kəndlərdə işsizlikdir, məşğuliyyət sahələri yoxdur. İnsanların təsərrüfatla məşğul olmasına şərait yoxdur. Bizdə bir deyim var: on dəfə imam üçün ağlayanda, bir dəfə yezid üçün ağla”.

Abasbəyli hesab edir ki, rayonların iqtisadi inkişafı ilə də bağlı, azad edilmiş ərazilərə köçlə bağlı da strategiyada yanlışlıqlar var: “Əgər bir kəndə vətəndaş köçürülürsə, yaxud kəndlərdən əhalinin paytaxta üz tutmasının qarşısını almaq istəyrsənsə, onun yaşaması üçün həmin kəndlərdə məşğulluğu təmin etməlisən. Tutaq ki, mən Qubadlıdanam, Kəlbəcərdənəm, Laçındanam. Mən o kənddən çıxanda bir hektar ərazim var idi, indi mənə 6 sot torpaq təklif olunur. Mən orada nə əkəcəm, nə becərəcəm, hansı maldarlıqla məşğul olacam? Bu insanları ittiham etmək rahatdır, amma məsələyə geniş aspektdən baxmaqda da fayda var. Yaxud da, Qazaxdan, Ağstafadan, Sabirabaddan, Kürdəmirdən insanlar niyə gəlib Bakıda hamballıq edir? Çünki işsizlikdir. İş yeri olmayandan sonra, istərsən beş mərtəbəli evi olsun, amma o iş yeri tapdığı Bakıda daxmada yaşamağı seçəcək”.

İqtisadçı ekspert hökumətə çağırış edib ki, bu məsələləri yoluna qoymaq üçün əsaslı addımlar atmalıdır: “Rayoldarda gözəl evlərinin qapısına qıfıl vurub gəlib Bakida zirzəmilərdə yaşayan yüz minlərlə ailələrin vəziyyətini düzəltmək üçün əməli addımlar atmaq vacibdir. Bu addım isə yerlərdə işsizliyin aradan qaldırılmasıdı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
ayna.az

1Mənbələr