AZ

Azərbaycan növbəti beynəlxalq qurumu təşkilatlandırmağa başladı...


Hüseyn İbrahimov: “Azərbaycan AQEM-in təşkilatlanmasına ciddi töhfə verə bilər”

Prezident İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin - AQEM-in Beyin Mərkəzləri Forumunun toplantısının iştirakçılarına müraciət ünvanlayıb.

Ölkə başçısı müraciətində bildirib ki, Azərbaycanda regional və qlobal əhəmiyyətli mötəbər tədbirlərin təşkili artıq ənənə halını alıb: “Azərbaycan cari ilin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Zirvə Görüşünü təşkil etmiş, oktyabr ayında isə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə ev sahibliyi etməyə hazırlaşır. Eyni zamanda 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının və İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil olunduğu etibarlı qlobal məkana çevrildiyinin növbəti əyani göstəricisidir. 2026-cı ilin payızında Azərbaycanın sədrliyi altında AQEM Zirvə toplantısının da keçirilməsi planlaşdırılır. Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM regionda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli bir təsisatdır. Azərbaycan AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinə böyük məsuliyyətlə yanaşır. Sədrliyimizin fəaliyyəti “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım” mövzusu üzərində qurulur. Biz sədrliyimiz dövründə AQEM-in təşkilati baxımdan gücləndirilməsi, onun beynəlxalq təşkilat kimi təsisatlanması, yeni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və təsisatın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsini prioritet olaraq müəyyənləşdirmişik”.

Bütövlükdə, Azərbaycanın təşkilatlanma sahəsində böyük təcrübəsi var. Məsələn, Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə qurumun təşkilatlanmasında mühüm rol oynayıb. Həmçinin, Türk Dövlətləri Təşkilatının təsisatlanmasında Azərbaycanın böyük rolu olub. O cümlədən, İslam Əməkdaşlıq Təşkilatının təşkilatlanmasına, İqtisadi Əməkdaşlıq Təşkilatının institutlaşmasına öz töhfəsini verib. Bu baxımdan istisna deyil ki, Azərbaycan AQEM-in də təşkilatlanmasına öz töhfəsini verəcək.

“Ölkələrin və cəmiyyətlərin inkişafında beyin mərkəzlərinin özünəməxsus rolu var”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, Azərbaycan AQEM-in təşkilatlanmasına və güclənməsinə yetərincə töhfə vermək potensialına malikdir: “Bunu şərtləndirən bir sıra faktorlar Azərbaycanda mövcuddur. Başlıcası, Azərbaycan müstəqil siyasət yeridir. Hansısa hərbi blokda təmsil olunmur. İkincisi, Azərbaycan geniş və çoxşaxəli əlaqələrə malikdir. Bir sıra beynəlxalq təşkilatlara rəhbərlik edib. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri olub. Üçüncüsü, Azərbaycan bir sıra beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib. Bununla bağlı ciddi təcrübəyə sahibdir. Dördüncüsü, Azərbaycanda zaman-zaman ABŞ və Rusiyanın hərbi rəhbərliyi bir araya gələrək danışıq aparıblar. Bakı İsrail-Türkiyə, İsrail-Suriya danışıqlarına ev sahibliyi edib. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, Azərbaycan AQEM-in təşkilatlanmasına ciddi töhfə verə bilər. Ölkələrin və cəmiyyətlərin inkişafında beyin mərkəzlərinin özünəməxsus rolu var. Asiyanın iqtisadi və siyasi baxımdan təsir imkanları artır. Faktiki olaraq, dünyanın güc mərkəzlərindən birinə çevrilməkdədir. O baxımdan Prezident İlham Əliyev uzaqgörən lider olaraq bütün bu prosesləri görür və dərin təhlil edir”.

Vidadi ORDAHALLI

Seçilən
11
baki-xeber.com

1Mənbələr