AZ

Təklif səsləndi, depuatatlar dəstəklədi: Pensiya yaşına 2 il qalmış...

"Ölkədə turizmin inkişafına mane olan məsələlərin araşdırılmasına ehtiyac var". Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deyib. Onun fikrincə, bu istiqamətdə müvafiq araşdırmaların aparılıb problemlərin aradan qaldırılması ilə bağlı işlər görülməlidir: “Müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi də mümkündür”.


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, özəl pensiya fondları haqqında qanun layihəsi hazırlanır və bu layihə ya payız sessiyasında, ya da daha sonra müzakirəyə çıxarılacaq. Deputat bildirib ki, mövcud sistemdə sosial sığorta məcburi xarakter daşıyır. 

"Dövlət tərəfindən hər beş nəfərdən birinə sosial yardım verilir"

Musa Quliyev bildirib ki, dövlət tərəfindən hər beş nəfərdən bir nəfərə sosial yardım verilir. Deputat qeyd edib ki, bu, dövlətin vətəndaşa olan münasibətinin bariz nümunəsidir: "Digər sosial ödənişlər də verilir. Özəl sektorun da bu istiqamətdə payı artmalıdır. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq addımların atılması məqbuldur". Komitə sədri bildirib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan sakinlərlə yanaşı, orada çalışanların ümumi sayı 53 min nəfər təşkil edir.

"İş yerlərinin bağlanmasının tərəfdarı deyiləm" 

M.Quliyev əlavə edib ki, dövlət sektorunda iş yerlərinin bağlanmasını yaxşı hal hesab etmir: 
"Ümumiyyətlə, iş yerlərinin bağlanmasının tərəfdarı deyiləm”.
Komitə sədri bildirib ki, bu ilin birinci yarım ilində yeni açılan iş yerlərinin sayı 48,9 min olub. Onun sözlərinə görə, bunlardan 92,1 faizi qeyri-dövlət sektorunu əhatə edir: "Bu, yaxşı göstəricidir. Bağlanan iş yerlərinin sayı isə 4,3 min - 54,3 faizi qeyri-dövlət sektoru olub. Dövlət sektorunda iş yerlərinin bağlanmasının qəti tərəfdarı deyiləm. Bəziləri deyirlər ki, bu, dövlətin yükünü azaltmaqdır. Dövlətin sosial məsuliyyətindən biri də vətəndaşı iş yeri ilə təmin etməkdir. İş yerlərinin bağlanmasının tərəfdarı deyiləm. Xüsusilə, dövlət sektorunda iş yerlərinin bağlanmasını yaxşı hal hesab etmirəm".

"Muzdlu işçilərin sayı az olduqca, pensiya təminatında problemlər olacaq"

Musa Quliyev bildirib ki, Azərbaycanda muzdlu işçilərin sayı 1 770 000 nəfərdir. Düşünürəm bu rəqəm aşağıdır. Komitə sədri deyib ki, hökumətin aidiyyəti qurumları bu istiqamətdə işi artırmalıdır: “Bu rəqəm bizi narahat etməlidir. Çünki muzdlu işçilər məşğul əhalinin 35 faizini təşkil edir. Bu rəqəm aşağıdır. Nə qədər ki, bu rəqəm aşağıdır, bizim həmişə pensiya təminatında, vergilərdə, sosial sığortanın yığılmasında problemlərimiz olacaq. Ölkəmizdə bu ilin birinci yarısında iqtisadi fəal əhalinin sayı 5 355 400 nəfər təşkil edib. Məşğul əhalinin sayı 5 074 200 nəfər, muzdlu işçilərin sayı 1 milyon 770 min nəfər olub”.

"Vəfat edən şəxsin pensiyasının ailəyə ödənilməsi təklif edilir"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərli deyib ki, vəfat edən ailə başçısına görə qanunvericilikdə müəyyən diyişikliklər edilə bilər.
O qeyd edib ki, bəzən ailə başçısını itirən ailələr çətin sosial durumla üzləşir: “Mərhum kişinin həyat yoldaşı pensiya yaşına çatmayıbsa bu, əlavə problemlər deməkdir. Bu halda vəfat edən şəxsin pensiya fonduna toplanmış vəsaitinin ailəyə ödənilməsi ilə bağlı müvafiq qərarın verilməsi yaxşı olar”. 
Komitə sədri Musa Quliyev isə bu məsələnin özəl pensiya fondları tərəfindən həllinin vacibliyini qeyd edib.

Əmək hüquqlarının qorunması mühümdür
 
Millət vəkili Vüqar Bayramov deyib ki, pensiya yaşına 2 il qalmış vətəndaşın işəgötürən tərəfindən işdən çıxarılması yolverilməzdir. Deputat bildirib ki, pensiya yaşına az qalmış məşğul şəxslərin də əmək hüquqlarının qorunması mühümdür: “Belə ki, bəzi vətəndaşlarımız pensiya yaşına az qalmış işdən azad olunurlar və daha sonra işlə təminatda çətinliklə üzləşirlər. Qazaxıstan Əmək Məcəlləsinə əsasən, ştatların ixtisarı və attestasiyadan keçməmə istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə pensiya yaşına çatmasına 2 ildən az qalmış şəxslərlə əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. Belə praktika bir sıra digər dövlətlərdə də tətbiq olunur. O baxımdan daha məqsədəuyğun olardı ki, Azərbaycanda da pensiya yaşına 2 il qalmış vətəndaşlarımızın işəgötürən tərəfindən işdən çıxarılmasına yol verilməsin. Bu onların sosial hüquqlarının qorunması baxımdan vacibdir”. 
Komitə sədri Musa Quliyev də təklifi dəstəkləyib və qanuna bunun gətirilməsinin istənilən halda müsbət hal olduğunu qeyd edib: “Sizdən xahiş edirəm, bununla bağlı layihəni hazırlayın. Pensiya yaşına az qalmış işdən çıxarılan şəxslər pensiya yaşına qədər də təminatsız qala bilər. Başqa ölkələrdə də bu təcrübə var, siz Qazaxıstanı misal gətirdiniz. Məncə, yaxşı təklifdir, biz bunu dəstəkləyirik”.

Seçilən
32
sherg.az

1Mənbələr