Paytaxtın Nizami rayonunun Rüstəm Rüstəmov küçəsində həyətlərin içərisindən keçən maşın yolları qanunsuz şəkildə dayanacaq kimi istifadə olunur.
Musavat.com-un əməkdaşları ərazidə olarkən şahid olub ki, darısqal həyət yolları boyu hər iki tərəfdə sıx-sıx dayanmış avtomobillər var. Bu isə həm sürücülərin, həm də piyadaların hərəkətini xeyli çətinləşdirir.
Sakinlər bildirirlər ki, vəziyyət bəzən həyətlərdə gərginliyə səbəb olur. Avtomobillərin yol boyu saxlanılması onların hərəkət imkanlarını məhdudlaşdırır.
“Dəfələrlə olub ki, maşınım sıx yolda qalıb, yan tərəfdən güclə keçməli olmuşam. Bir dəfə isə maşınımın yan şüşəsi digər avtomobilə toxunaraq sındı. Hamısı bu qanunsuz parkingin nəticəsidir”, – deyə sakinlərdən biri Musavat.com-a danışıb.
Onların sözlərinə görə, həyətyanı yollardan parklanma üçün istifadə olunması nə qədər narahatlıq yaratsa da, sürücülər alternativ imkanlardan imtina edirlər:
“Ətrafda ödənişli parkinq yerləri var. Orada maşını saxlamaq mümkündür. Amma çoxları pul ödəmək istəmədiyi üçün küçələri zəbt edirlər. Nəticədə həm gediş-gəliş çətinləşir, həm də qonşular arasında əsəb gərginliyi artır”.
***
Məsələ ilə bağlı Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirdi ki, Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən ərazidə tədbirlər həyata keçirilərək vətəndaşların narahatlığına səbəb olan hal aradan qaldırılıb. Dayanma və durma qaydalarını pozaraq hərəkətə maneə yaradan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Əvvəl:
Sonra:
Şahanə Rəhimli
Musavat.com