AZ

İsrailin hücumu Qətərin “təhlükəsiz məkan” və diplomatik imicinə ciddi zərbə vurdu -ŞƏRH

Məlum olduğu kimi, İsrail ordusunun döyüş təyyarələri sentyabrın 9-da Qətərin paytaxtı Dohaya aviazərbələr endirib. 

Qətərin suverenliyinə qarşı edilən bu əməliyyat beynəlxalq hüquq və Doha diplomatiyası kontekstində necə qiymətləndirilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi ki, İsrail tərəfindən Qətərin paytaxtına endirilmiş zərbələr dünya miqyasında narahatlıq yaradıb:

"Xatırladım ki, HƏMAS nümayəndələrinin Qətərdə bir mərkəzdə toplaşma səbəbi ABŞ Prezidenti Donald Trampın təklifinin müzakirəsi ilə bağlı olub. Bu məsələyə bir neçə aspektdən yanaşılmalıdır.

Birincisi Qətər uzun illərdir İsrail və HƏMAS arasında danışıqların baş tutduğu “üçüncü dövlət” - “təhlükəsiz məkan” hesab olunurdu. Tərəflər arasında əsir mübadiləsi, atəşkəs, habelə digər humanitar razılaşmalar məhz Dohada baş tutub. Görüşün keçiriləcəyi məkana endirilmiş aviazərbələr həm də Qətərin “təhlükəsiz məkan” imicinə ciddi zərbə vurur. 

İkinci məsələ isə diplomatiyada münaqişə tərəflərinin nümayəndə heyətlərinin hərbi əməliyyatlardan kənar və təhlükəsiz ərazidə görüşlərinin keçirilməsi sülh üçün müstəsna addım hesab edilir. Bu hadisə ortaya belə bir sual da çıxarır: “Hazırkı dünyamızda münaqişədə olan digər dövlətlər üçüncü dövlət ərazisində diplomatik görüş keçirən zaman onların təhlükəsizliyi nə qədər təmin olunur?” Nümunə olaraq, bu gün gündəmdə olan Rusiya və Ukrayna prezidentlərinin görüşü baş tutarsa, bu halda ən pis ssenariyə hazır olmaqmı lazım gələcək? Bu baxımdan yanaşdıqda görürük ki, bu hücum yalnız Qətərin diplomatik imicinə zərbə deyil".

Politoloq əlavə etdi ki, Qətərə olunan hücum eyni zamanda münaqişə tərəflərinin görüşlərinin keçirilməsi planlaşdırılan bütün ölkələrin tərəflər üçün müəyyənləşdiridiyi təhlükəsizlik təminatına təhdid xarakteri daşıyır. 

"Son olaraq 9 sentyabr zərbələri dövlətlərin suverenliyi və təhlükəsizliyinə təhdid baxımından da dəyərləndirilə bilər. İstənilən halda bu hücum Qətərin dipomatik imicinə ciddi ziyan vurdu və özü-özlüyündə diplomatik görüşlərin keçirilməsi ilə bağlı tərəflərin təhlükəsizlik təmanatı məsələsini bir daha müzakirəyə çıxartdı",- deyə Üzeyir Mustafayev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
7
1
redaktor.az

2Mənbələr